a7692563-44de-4ee5-9675-1697faeb70bb..jpg

Xalq artisti: “Ən yaxşı işləyən başımdır, amma əsa ilə küçəyə çıxa bilmərəm” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 734 dəfə baxılıb.

Xalq artisti: “Ən yaxşı işləyən başımdır, amma əsa ilə küçəyə çıxa bilmərəm” –
MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər bir sənətkar vaxtında arenadan getməlidir. İstəmirəm ki, kiminsə mənə
yazığı gəlsin”.

Bu sözləri Cixisyolu.com-a müsahibəsində Azərbaycanın Xalq artisti, görkəmli kino
aktrisasıElmira Şabanova deyib. Onunla müsahibəni təqdim edirik:

– Elmira xanım, bir neçə gün sonra doğum gününüzdür. Bu münasibətlə sizi
təbrik edirik!

– Mən doğum günlərini qeyd etməyi sevmirəm. Hər gün zənglər gəlirdi. Demək ki,
buna görə imiş. Məni efirə çıxarmaq istəyirlər. Lakin həvəsim yoxdur.

Mən axı sovet dövründə yaşamışam. Bizim nəsil rusca düşünür. Çünki rus
kitabları ilə böyümüşük. 83 yaşım tamam olur. Arzum budur ki, mənim yaşım qədər
yaşayasınız. Amma gözəl yaşayasınız. Sovet dövründə yaşasam da, yaxşı günlər
keçirmişik. Ötən günlər çox gözəl idi. İndi isə o yoxdur. Pandemiya, daha sonra
müharibə oldu.

– Müharibədən söz açmışkən, maraqlıdır, qələbə xəbəri sizin üçün gözlənilən
idimi?

– Yaxşı ki, qələbə çaldıq. Şəhidlərə ağlayırdım. Öz-özümə deyirdim ki,
“cavanlar şəhid olublar, sən yaşayırsan”. Qələbə xəbəri gözlənilməz oldu. Necə
deyərlər, niyyətin hara, mənzilin də ora. Yəni niyyətimiz nə idisə, o da həyata
keçdi. Bu gün qalib xalqıq. Çox sevinirəm. Tarixi hər birimiz yaşadıq, gördük.
Bu günlərin qiymətini bilməliyik.

– Uzun zamandır, ekranlarda çox az görünürsünüz. Sizi sevənlər intizarda
qalıblar. Bunun səbəbi nədir?

– Məncə, hər bir sənətkar vaxtında arenadan getməlidir. Necə ki, Müslüm
Maqomayev getdi. İstəmirəm ki, kiminsə mənə yazığı gəlsin. Desin ki, bu necə
qocalıb… Bu sözü eşitməyi xoşlamıram.

– Son zamanlar filmlərdə rol almırsınız. Seriallarla bağlı təkliflər gəlibmi?

– Çox təklif almışam. Hər dəfə zəng edirlər. Deyirəm, qocalmışam. Bildirirlər
ki, “sizə uyğun roldur”. Bir neçə dəfə olub. Nə xoş mənə ki, xalqım məni
unutmayıb, sevir. Amma təəssüf ki, istəmirəm. O qədər zəng ediblər ki, axırda
demişəm ki, günümə filan qədər pul verin. Bunu sırf məndən əl çəkmələri üçün
demişəm.

– İllər əvvəl müsahibələrinizin birində demisiniz ki, bədii filmlə bağlı
təklif gəlsə, məmnuniyyətlə oynayarsınız. Hələ də elə düşünürsünüzmü?

– Təcrübəli rejissor yaxşı ssenari üzrə çəksə, bəlkə, gedərəm. Çünki mən kino
sənətini çox sevirəm. Amma ki, yaxşı film və rejissor olsa… Kiçik rol olsa
da, gedərəm. Məvacibə də baxmaram. Rol ürəyimcə olsa, təmənnasız da çəkilərəm.

– Son illər Azərbaycanda serial çəkilişinə maraq artıb. Yerli serialları
izləyirsinizmi?

– Kinostudiyalar adi bir film çəkirlər, güldürmək naminə insanları
kinoteatrlara yığırlar. Bu, sənət deyil. Əvvəllər çox zəif seriallar
çəkirdilər. Türklərə bənzədirdilər. Məsələn, onların seriallarının qəhrəmanları
silah gəzdirir, polisə şikayət etmədən işlərini özləri həll edirdilər. Axı
bizdə belə deyil. Belə rolların canlandırılmasını anlamıram. Bizdə silah
gəzdirilməsinə qanunla icazə verilmir. Filmdə də təbliğ edilməməlidir.

Türkiyənin də maraqlı və zəif serialları var. Son vaxtlarda bizdə olan bir-iki
serialı bəyənirəm.

– Sizcə, yaxşı film çəkmək üçün nə etmək lazımdır?

– Gərək pul tapasan ki, kino da çəkəsən. Sovet dövründə kino üçün hökumət pul
buraxırdı. İndi isə maliyyə yoxdur. Oğlum ona görə Moskvaya getdi. Orada
seriallar çəkir. Amma oğlum həmişə istəyib ki, burada olsun. Bir neçə təklif də
irəli sürüb. Lakin maliyyə olmayıb. Həmişə istəyib ki, Azərbaycan üçün kino
çəksin. Pul buraxa bilməyiblər. Hətta deyib ki, “yarısını mən taparam, təki
kino çəkək”.

– İndiki gənclərdən gözləntiləriniz varmı?

– Xalqımız istedadlı xalqdır. Bizim gənclərə böyük ümid bəsləyirəm. Hər zaman
məqsədlərinə çatmağa çalışsınlar. Biz də baxıb, sevinək. Kino sahəsini inkişaf
etdirmələrini istəyirəm. Çünki kino respublikanın güzgüsüdür. Biz uğurlar
qazansaq, düşmən ölər.

– Elmira xanım, səhhətiniz necədir? Sözünüzə baxırmı?

– Başım hələ ki işləyir (gülür). Ən yaxşı işləyən başımdır. Ayaqlarım tez-tez
ağrıyır. Təkcə bunlardır. Mən əsa ilə küçəyə çıxa bilmərəm. İstəmirəm ki, mənə
kiminsə yazığı gəlsin.

– Sonda sizi sevənlərə nə demək istəyərdiniz?

– Ən böyük arzum odur ki, bizim gənclər yaxşı yaşayıb, gözəl günlər görsünlər.
Necə ki biz yaşamışıq, onlar da yaşasınlar. Mən özümü bütün gənclərimizə qurban
verərəm.

Nəzrin Vahid

Source link