3cadd7b7-917a-4061-9786-84c24436f8b3..jpg

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 449 dəfə baxılıb.

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq” – MÜSAHİBƏ +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hərdən mənə deyirlər ki, üzünüzdə həmişə xoş ifadə, təbəssüm var. Bunun üçün
xüsusi cəhdim yoxdur. Bəlkə bu, mənim tərbiyəmdən irəli gəlir”.

“Kaspi”

qəzetinin budəfəki müsahibi Xalq artisti Natəvan Şeyxovadır.

Onunla görüş üçün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının seçməsi də
təsadüfi olmayıb.

Belə ki, 60-70-ci illərin tanınmış estrada müğənnisinin yaradıcılığı bu səhnə
ilə də bağlı olub. 56 il bundan öncə fəaliyyətə başlayan teatrın ilk konserti
isə aprel ayına təsadüf edib.

Natəvan xanım o dövrün görkəmli sənətkarlarını, musiqi mühitini yada salıb.

– Dövlət Mahnı Teatrında çalışdığınız illəri necə xatırlayırsınız?

– Mahnı Teatrı həm mənim, həm də bizim ölkənin həyatında böyük rol oynayıb. Bu
teatrı görkəmli müğənni Rəşid Behbudov yaratmışdı. Onun vaxtında teatr
çiçəklənmişdi. Mən o zaman Azərbaycan Dövlət Estrada Orkestrində işləyirdim. O
orkestrə də həmçinin görkəmli bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyev
rəhbərlik edirdi. Bu orkestrdə mən 15 il çalışdım və bütün SSRİ-ni qarış-qarış
gəzdik. Hər yerdə bizi anşlaqla qarşılayırdılar. 60-ci illərin sonu və 70-ci
illərin əvvəlləri idi. Moskvada, Kremlin Qurultaylar sarayında Azərbaycan
Mədəniyyət günləri keçirilirdi. Həmin konsertdə Rəşid Behbudovun orkestri ilə
yanaşı, bizim orkestr də iştirak edirdi. O cümlədən, bizim məşhur musiqiçilər
və müğənnilər iştirakçılar sırasında idilər. Rəşid Behbudov bizim orkestrin
ifası ilə tanış idi. Konsertdən sonra mənə və həyat yoldaşım, saksafon ifaçısı
Rafiq Seyidzadəyə yaxınlaşıb: “Dostlar, gəlin, mənim teatrımda işləyin”, – deyə
bizi dəvət etdi. Rauf Hacıyev bu məsələyə qısqanclıqla yanaşdı. O vaxt bizim
orkestrdə Oqtay Ağayev, məşhur “Qaya” ansamblı işləyirdi. Biz çox gənc idik.
Tez-tez qastrollara gedirdik. Ölkənin musiqi həyatı çox qaynar və cəlbedici
idi. Öz orkestrimizdən ayrılmaq bizə çətin idi. Ona görə, orkestri qoyub gedə
bilmədik.

– Bəs sonradan Estrada Orkestrinin taleyi necə oldu?

– İllər keçdi… 1975-ci ildə çalışdığımız orkestr dağıldı. Rauf Hacıyev bir
müddət mədəniyyət naziri işlədi, sonra Əlcəzairə getdi. Ondan sonra orkestr bir
müddət mövcud oldu, amma sonda tədricən dağıldı. Orkestrin üzvlərindən
Filarmoniyaya, “Azkonsert”ə, televiziyaya gedənlər oldu. O zaman Sovet
İttifaqında üç belə orkestr vardı və bizimki hamısından peşəkar idi. Təəssüf
ki, belə bir orkestr dağıldı. İndi orkestrin üzvlərindən demək olar ki, heç kim
qalmayıb. Lütfiyar İmanov, Oqtay Ağayev, Zaur Nurullayev yoxdur artıq. Hərdən
deyirəm ki, biz artıq sonuncu mogikanlarıq…

– Orkestr dağılandan sonra taleyinizi Mahnı Teatrı ilə bağladınız?

– Rəşid Behbudov dünyasını dəyişəndən sonra teatra yeni üzvlər yığmağa
başladılar. Yeni qrupu caz ustası Salman Qənbərov yaratdı. O, bizi də teatra
işləməyə dəvət etdi. Mən razı oldum. Mənimlə orkestrdə işləyən Oqtay Ağayev,
Zaur Nurullayev da yeni orkestrdə işləməyə gəldilər. Həmçinin Rəşid Behbudovun
vaxtında yaranan rəqs ansamblı, müğənni Elxan Əhədzadə və başqaları da teatrda
çalışırdı. Biz konsertlər verir, başqa respublikalara qastrollara gedirdik.
Sonra Azər Zeynalov orkestrə qoşuldu. Mən teatrda üç il işlədim. Sonra məni
pedaqoq kimi Musiqi Kollecinə və Konservatoriyaya dəvət etdilər. İş elə gətirdi
ki, 2002-ci ildə mənim səhnə fəaliyyətimin 35 illiyi bu teatrın səhnəsində
keçirildi. Sonra Rəşid Behbudovun abidəsi teatrın qarşısında qoyuldu. Abidəni
Prezidentİlham Əliyevlə Birinci xanım Mehriban Əliyeva açdılar. Axşam keçirilən
konsertdə artıq başqa ifaçılar idi. Bir neçə nəsil dəyişib. Əsas odur ki, bu
teatr yaşayır. Bu səhnədə Rəşid Behbudovun ruhu və aurası qalır. Mənim burada
çalışmağımdan 30 il keçir. Amma burada hər şey mənə doğmadır. Qapıdan içəri
girəndə hər küncə, hər əşyaya diqqətlə baxdım. Burada çalışdığım illər,
ünsiyyətdə olduğum insanlar çox gözəl idi. O zaman konsertlərə təkcə
müğənnilərə görə gəlmirdilər, həm də bu məbədin adına görə gəlirdilər. Bu
teatrda həmişə anşlaq olurdu. Maraqlı proqramlar təqdim edilir, görkəmli
müğənnilər oxuyurdu.

– Çox maraqlı dövrdə və görkəmli sənətkarlarla çalışmısınız. Elə bu xatirələr
yetər…

– Biz ilk növbədə korifeyləri görmüşük. Konservatoriyada oxuyanda Cövdət
Hacıyev rektor idi. Fikrət Əmirov, Süleyman Ələsgərov, Qara Qarayev, Cahangir
Cahangirov, Rauf Hacıyev sağ idilər. Biz onlarla tanış idik. Rafiq
Filarmoniyanın direktoru olanda onların hamısı sağ idi. Biz daim ünsiyyətdə
idik. Mən konsert bölməsində kimlərlə işləməmişəm? Şövkət Ələkbərova, Sara
Qədimova, Tükəzban İsmayılova, Əbülfət Əliyev, Rübabə Muradova, Lütfiyar
İmanov, Mirzə Babayev, Nəzakət Məmmədova, tarzən Hacı Məmmədov… O zaman mən,
Akif İslamzadə, İlhamə Quliyeva gənc idik. Tez-tez bayram konsertləri
keçirilirdi. Zavod və fabriklərdə, rayonlarda əməkçi insanlar qarşısında
konsertlər təşkil olunurdu. “Təşviqat qatarı” vardı. Mədəniyyət və incəsənət
adamları bu tədbirlərdə iştirak edirdilər. Biz hamımız o səfərlərdə iştirak
edirdik. Bir rayonda konsert verdikdən sonra qatarla digər bir rayona gedirdik.
Onda yaşlı nəsil bizə çox diqqət və sevgi ilə yanaşırdı. Biz də onlara hörmət
edirdik. Nəsillər arasında ünsiyyət vardı. O nəsil artıq getdi. Onda telekanal
bir dənə idi. Getdiyimiz rayonlarda böyük sevgi görürdük. Adamlar bizi tanıyır,
arxamızca gəzir, evlərinə dəvət edirdilər.

Mən xaricdə Azərbaycanın dörd Mədəniyyət və İncəsənət ongünlüyündə iştirak
etmişəm. Həmin dekadalarda görkəmli incəsənət və mədəniyyət xadimləri ilə
ünsiyyətdə olmuşam. Onlarla bağlı o qədər unudulmaz xatirələrimiz var ki,
günlərlə danışsam bitməz…

– Siz uşaqlıqda aktrisa olmaq istəyirdiniz. 13 yaşında da kinoya çəkildiniz.
Amma müğənni oldunuz. Sizcə, səhnə kinolentdən daha cəlbedicidir?

– Mən “Onun böyük ürəyi” filmində Lalə roluna çəkiləndə uşaq idim. Hətta indi
çox şeyi xatırlamıram. O filmdə çox məşhur aktyorlar çəkilib. İndi də baxanda
görürsən ki, filmin bütün heyəti görkəmli sənətkarlardan ibarətdir. Sonra
“Arşın mal alan”da Asya roluna sınaq çəkilişinə dəvət etdilər. Amma sonra
rejissor çağırmadı. Uşaqlıqdan yaxşı səsim vardı, ona görə müğənni oldum.
Aktrisa olmadığıma görə qətiyyən təəssüflənmədim. Səhnədə canlı oxumaq tamam
fərqli işdir. Bizim hər konsertimiz möhtəşəm olurdu. Onda heç bir fonoqram yox
idi. Elə o vaxtdan səhnə mənim həyatımdır. Əsas odur ki, öz işini, peşəni
sevəsən. Mən oxuduğum bütün mahnıları sevmişəm. Yoxsa oxuya bilməzdim.
Müğənnilər var ki, “təki mahnı olsun və oxusunlar”, – deyə düşünürlər. Mən belə
bacarmazdım. Yadımdadır ki, Rəşid Behbudov hər mahnısı üzərində çox işləyərdi.
Bir mahnının ərsəyə gəlməsi bəzən bir aydan çox çəkirdi. Hər mahnıya bir əsər
kimi yanaşırdı, heç bir detalı gözdən qaçırmırdı. Bu, əsl ustalıq idi. Ona görə
onu dünyanın hər yerində sevir, əl üstündə gəzdirirdilər. İndi sənətə belə
yanaşma yoxdur.

– Bəs oxumaq üçün, mahnılarınız üçün darıxmırsınız?

– Mən indi də hərdən oxuyuram. Bəzən televiziyaya və radioya dəvət edirlər.
Bilirsinizmi, bizim üçün yazan bəstəkarlar da artıq dünyadan köçüb. Rauf
Hacıyev, Emin Sabitoğlu, Oqtay Kazımı, Elza İbrahimova… Onlar məhz bizim üçün
yazırdılar. Biz bəstəkarlarla bir-birimizin evinə gedib gəlirdik. Hər mahnının
yaranması uzun bir proses olurdu. Onda mahnılar satılmırdı. Bəstəkarlar bir
neçə mahnı təqdim edirdilər. Mən ürəyimə yaxın olan mahnını seçirdim. Sonra bir
yerdə hazırlayırdıq, mən də, o da istədiyimizi əlavə edirdik. Beləcə bizim
mahnı yaranırdı. Sonra o mahnılar həqiqətən sevilirdi. İndi artıq o bəstəkarlar
yoxdur. Gənclər başqa cür yazırlar. O mahnılar artıq mənim tərzim deyil.

– Bəs Rafiq Seyidzadə necə, saksofonunu ifa edirmi?

– Rafiq daha çıxış etmir. Hərdən telekanallara dəvət edirlər, gedir,
danışır… Bəzən bir müddət saksofonunu əlinə almır. Hərdən də götürür, ifa
edir və elə fikirləşirsən ki, bir daha yerə qoymayacaq. Rafiq orkestr
dağılandan sonra 12 il Filarmoniyanın direktoru kimi çalışdı. O, həmçinin Milli
Məclisdə işləyib. Həmişə deyir ki, mən vəzifədə də işləmişəm, amma nə vaxt
saksofonu əlimə alıram, qalan şeylər boşdur, bu, mənim həyatda əsas dostumdur.
Bu, sənət sevgisi, peşəkarlıqdır.

– “Vaxtında səhnədən getmək…” – bu fikri qəbul edənlər də var, etməyənlər
də. Siz necə düşünürsünüz?

– Mən də elə hesab edirəm: hər şeyin öz vaxtı var. Səhnə gözəllik, gənclik və
əlbəttə, peşəkarlıq istəyir. Yaşa dolduqca səs bəzən sözə qulaq asmır. Sən özün
özünü də xoşlamırsan. İnsanların yaddaşında əvvəllər göründüyün kimi qalmaq
istəyirsən. Bəzən soruşurlar, niyə görünmürsən, səni ekranlarda yenidən görmək,
mahnılarını eşitmək istəyirik… Həmişə ekranlarda olmaq olmaz. Hər müğənni özü
hiss etməlidir ki, artıq getmək vaxtıdır.

– Amma opera ifaçıları elə düşünmürlər, nümunələr çoxdur…

– Əgər səs sənə tabe olursa, onda uzun vaxt oxumaq olar. Xüsusən opera
teatrında səslər həmişə ifaçının sözünə baxmır. Necə deyərlər, yaş öz işini
görür.

Mən hazırda Konservatoriyanın professoruyam, klassik vokaldan dərs deyirəm.
İstedadlı tələbələrim var. Onlardan Opera Teatrında, Musiqili Komediya
Teatrında, Kapellada işləyənlər var. Orta səviyyəli tələbələr də az deyil. İndi
elə bir tendensiya yaranıb ki, institutu qurtarandan sonra şou bizneslə məşğul
olmaq istəyirlər. Onlar dərhal çox pul qazanmağı arzulayırlar. Bu, çox pis
haldır. Onlar heç bir qastrola getmirlər. Bəzən müğənnilərimiz ABŞ-yə və ya
Avropa ölkələrinə səfər edirlər. Ancaq onlar diaspor çərçivəsində konsert
verirlər. Biz isə o zaman geniş auditoriya üçün oxuyurduq. Hər yerə afişalar
vurulurdu. Konsertlər böyük anşlaqla keçirdi. Biz Azərbaycanı hər yerdə
layiqincə təmsil edirdik.

– Gələn il yubileyinizdir. Hərçənd qadınlar yaş söhbətini o qədər də
sevmirlər…

– (Gülür) Bu haqda düşünəndə “Doğrudanmı bu qədər yaşım var?” – deyə
təəccüblənirəm. Çox xoşbəxtəm ki, həyatım belə keçib. Hərdən mənə deyirlər ki,
üzünüzdə həmişə xoş ifadə, təbəssüm var. Bunun üçün xüsusi cəhdim yoxdur. Bəlkə
bu, mənim tərbiyəmdən irəli gəlir. İnsanlara xoş və sevgi ilə yanaşıram. Ailədə
də beləyəm – üzümdə həmişə təbəssüm var.

Mən müğənni, ana, həyat yoldaşıyam. Tələbələrim üçün pis müəllim deyiləm. Heç
kəsin könlünü qırmıram. Buna görə də, fikirləşirəm ki, xoşbəxt insanam…

Source link