27225004-c1d9-46b5-93c4-bf40d124fc2b..jpg

Xalq artisti Habil Əliyevin anım günüdür – VİDEO

Baxış sayı: 479 dəfə baxılıb.

Xalq artisti Habil Əliyevin anım günüdür – VİDEO

Bu gün ustad kamança ifaçısı, Azərbaycan SSR Xalq artisti Habil Əliyevin anım
günüdür.

Cixisyolu.com xatırladır ki, Habil Mustafa oğlu Əliyev 28 may 1927-ci ildə Ağdaş
rayonunun Üçqovaq kəndində anadan olub.

Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi
məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinfi
və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi
məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və
məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənməyə başlayıb.

Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmayıb.
Bəstəkar Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi
məsləhət görüb.

O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan
Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına
qulaq asıblar və çox razı qalıblar. Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında
müşayiətçi, sonra isə trioda kamançaçı kimi fəaliyyətə başlayıb.

Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim
Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi
sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz
irsindən bəhrələnib, daha səylə çalışıb, saatlarla məşqdən yorulmayıb.

Habil “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”,
“Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı
verib. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin
əvvəlində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapıb.
Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri tez-tez Nikkolo Paqanininin
ifaçılığı ilə müqayisə ediblər.

Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox
ölkələrində (Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan,
Pakistan, İran, Misir, İsveçrə, Niderland, Tunis, Yaponiya, Suriya, Mozambik və
s.) qastrol səfərlərində olub.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir.
Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən
sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və
Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt
diskləri də buraxılıb.

Habil Əliyev 1954-cü ildə Şərqiyyə xanımla ailə həyatı qurub. Üç qız və bir
oğlu olub.

Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat edib. Bakıda I Fəxri xiyabanda
dəfn olunub.

Qeyd edək ki, Habil Əliyev 29 iyun 1964-cü ildə “Azərbaycan SSR Əməkdar
artisti”, 11 yanvar 1978-ci ildə “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına
layiq görülüb. 28 may 1997-ci ildə “Şöhrət”, 19 oktyabr 2007-ci ildə “İstiqlal”
ordenləri ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdünə layiq görülüb.


Source link