9f799a02-7770-4c4d-af0a-87696aef285c..jpg

Xalq artisti Mirzə Babayevin anım günüdür – VİDEO

Baxış sayı: 767 dəfə baxılıb.

Xalq artisti Mirzə Babayevin anım günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Xalq artisti, “Şöhrət” ordenli, Azərbaycan estradasının banilərindən
biri hesab olunan Mirzə Babayevin vəfatından 21 il ötür.

Cixisyolu.com xatırladır ki, Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da
Bakıda, ziyalı ailəsində dünyaya göz açıb.

1935-1940-cı illərdə Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb.

Böyük Vətən müharibəsinin başlanması onun gələcək həyatını büsbütün dəyişib.
Cəbhəyə gedib, bir çox döyüşlərdə igidliklər göstərib. Musiqiyə böyük marağı
onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirib. 1953-cü ildə
konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin
incəliklərinə yiyələnərək ürəyəyatan səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu
və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçı rəğbəti qazanıb.

Mirzə Babayevin özünəməxsus üslubu və bənzərsiz ifa tərzi dinləyicini sehrinə
salırdı. O, mahnını, sadəcə olaraq, oxumurdu, mahnı ilə yaşayırdı. Şövqlə ifa
etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi,
kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və digər mahnılarla hər kəsin
qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.

Onun görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev
və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi xəzinəmizin parlaq
incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer
alırdı.

Unudulmaz, yaradıcı insan kimi yaddaşlarda qalan sənətkarın 1998-2002-ci
illərdə üç diski çıxıb, 1999-cu ildə isə Respublika Sarayında (indiki Heydər
Əliyev Sarayı) solo konsert verib. Onun milli musiqi mədəniyyətimizin
inkişafındakı xidmətləri yüksək qiymətləndirilib: Xalq artisti fəxri adına
layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub,
“Şöhrət” ordeni ilə təltif edilib.

Müğənni müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Akademik Filarmoniyasında,
Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Dünyanın bir çox ölkələrində
yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi
çıxış edib, milli estrada musiqimizi zirvələrə qaldırıb. Müxtəlif vaxtlarda
çəkildiyi filmlər müğənninin xalq arasında şöhrətini daha da artırıb. “Dərviş
Məstəli şah”da Dərviş, “Bəyin oğurlanması”nda Mirişin atası, “Dəli Kür”də
Dərviş obrazlarını məharətlə yaradıb. “Qorxma, mən səninləyəm”, “Telefonçu
qız”, “Romeo mənim qonşumdur” filmlərindəki maraqlı və rəngarəng obrazları kino
tariximizə həkk olunub.

Mirzə Babayevin radionun “Qızıl fond”unda saxlanan xeyli mahnısı var. O, Mirzə
Ələkbər Sabirin sözlərinə yazılmış mahnıları xüsusi ustalıqla oxuyub. Eyni
zamanda, otuzdan çox filmdə rol alıb: “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən
niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən
səninləyəm”, “Bəyin oğurlanması” və sair. “O olmasın, bu olsun” filmində Məşədi
İbadın mahnılarını Mirzə Babayev ifa edib, “Onu bağışlamaq olarmı?” filmində
isə Tərlanın mahnısını səsləndirib.

Azərbaycan estradasının ən uzunömürlü müğənnilərindən biri olan Mirzə Babayev
ömrünün 90-cı ilində səhhətində yaranan problem səbəbindən 2003-cü il yanvarın
13-də vəfat edib.


Source link