Xalq artisti: “Nazirə dedim ki, özünü bu məddahlardan qoru”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Təbrikiniz və diqqətiniz üçün çox sağ olun. Bu gün səksən yaşım tamam olur.
Orxan Fikrətoğlu da zəng vurmuşdu və bildirdi ki, mənim məsələmə görə onu
Mədəniyyət Nazirliyinə çağırıblar. Biz bir neçə dəfə mədəniyyət naziri Adil
Kərimli ilə görüşmüşük və mənə çox diqqət göstərib”.
Bunu Bakupost.az-a açıqlamasında Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyov
deyib.
O qeyd edib ki, kino adı ilə, yalandan hökumət tədbiri adı ilə gözə girənlərin
heç birinin xalq və dövlətə aidiyyəti yoxdur:
“Yaltaq, məddah qrupudurlar. Adil müəllimə demişəm ki, özünü bu məddahlardan
qoru. Əlisəttar Atakişiyevdən, Cəfər Cabbarlıdan üzü bəri baxın, görün, onların
hansı birinin avtobioqrafiyası mənim avtobioqrafiyam qədər zəngindir, mənim
qədər iş görüblər və onda mənə deyin ki, danışma. Amma bu nə yanaşmadır,
münasibətdir, bilmirəm”.
Əbdül Mahmudbəyov bu yaşa qədər həyatda hədər yaşamadığını bildirib:
“Hər şey insanın öz ruhu, işi ilə və bir də ki, ailəsi ilə bağlıdır. Allaha
şükür, qohum-əqrəba, balalar hamısı öz yerində, ailədə heç bir söz-söhbət
yoxdur, nazımı çəkirlər. Ona görə Allahdan razıyam. Çox yaxşı bir ailədə
dünyaya gəlmişəm və bu da Allahın yazısıdır. Özüm də həmişə çalışmışam ki,
ailəmin adına, şanına-şöhrətinə xələl gətirməyim. Allah mənə səksən il ömür və
hər şey verib”.