Xalq artisti: “Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur”.
Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib.
Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından
danışıb:
“80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dram Teatrı onu qeyd etmədi,
ümumiyyətlə, məni yada salmadı. Telefonla da təbrik etmədilər. Yəni, mənim o
teatrda bir təbriklik dəyərim, zəhmətim olmayıb? Bu, məni narahat etdi. Belə
olan halda onlara nə deyə bilərəm? Amma Teatr Xadimləri İttifaqı Teatr Günü
münasibəti ilə məni mükafatlandırıb. Görünür, müəyyən məlumatlar onlara çatıb”.
Xalq artisti Mədəniyyət Nazirliyinin də ona qarşı laqeyd olduğunu qeyd edib:
“O boyda nazirlikdən bir adam zəng edib demədi ki, sən hardasan? Prezident
təqaüdü də almıram. Dedim Adil Kərimli yeni gəlib, hamının sənətini
qiymətləndirir, bəlkə o işıqdan bizə də düşər. Amma zəng də etmədilər. Görünür,
məni aktyor kimi qəbul etmirlər. Dəfələrlə müraciət etmişəm. Amma bu günə kimi
nazirlikdən mənim müraciətimə “baxılacaq, baxılacaq” deyib durdular. Hətta
dedilər ki, yeni nazir gəlib, hamı ilə maraqlanır. Mən Adil Kərimliyə də
müraciət etdim. Amma bu günə kimi nazirlikdən mənim müraciətimə cavab
verilməyib”.
Qeyd edək ki, bu yaxınlarda Sumqayıt Dövlət Dram Teatrının sabiq aktyoru, Xalq
artisti Məzahir Süleymanovun 80 yaşı tamam olub.