Xalq artisti Rafael Dadaşovun doğum günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Xalq artisti Rafael Dadaşovun doğum günüdür.
Anadan olmasının 78-ci ildönümü tamam olan Rafael Dadaşovun aktyorluq
yaradıcılığı müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur.
1946-cı il yanvarın 4-də Zaqatala rayonunda anadan olan R.Dadaşov Naxçıvan
şəhərində orta məktəbi bitirdikdən sonra, 1966-1972-ci illərdə Azərbaycan
Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsində ali təhsil alıb.
1967-ci ildən etibarən əmək fəaliyyətinə başlayan Rafael Dadaşov 1974-cü ilədək
olan dövr ərzində Bakı Dövlət Sirkində, Naxçıvan Muxtar Respublikası Mahnı və
Rəqs Ansamblında və Ümumittifaq Sirkində müxtəlif vəzifələrdə çalışıb,
1974-1976-cı illərdə Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Evində
təlimatçı olub, eyni zamanda, Naxçıvanın Televiziya və Radio Komitəsində
işləyib.
1976-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında
aktyor kimi yaradıcılıq yoluna başlayan Rafael Dadaşov burada aparıcı səhnə
ustası olaraq sənət fəaliyyətini ömrünün sonunadək davam etdirib.
Hələ gənclik illərində “Azərbaycanın Alen Delonu” adını alan aktyor Dram
Teatrında “Heç nədən hay-küy”, “Cehizsiz qız”, “Səhra yuxuları”, “Xurşidbanu
Natəvan”, “Büllur sarayda”, “Unuda bilmirəm”, “İblis”, “Şəhərin yay günləri”,
“Qılınc və qələm”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Sokratı anma gecəsi”,
“Afət”, “Ölülər” tamaşalarında uğurlu rollar ifa edib. Aktyorun səhnədəki son
rolu “Müfəttiş” tamaşasındakı Anton Antonoviç Skvoznik-Dmuxanovski obrazı olub.
Rafael Dadaşov teatr aləminə qədəm qoyduğu ilk vaxtlardan sənətsevərlərin
qəlbinə yol tapmağa müvəffəq olub. O, Akademik Milli Dram Teatrının səhnəsində
uzun illər ərzində müvəffəqiyyətlə çıxış edərək yüzə yaxın müxtəlif xarakterli
yaddaqalan obrazlar qalereyası yaradıb. Sənətkarın klassik və müasir Azərbaycan
ədəbiyyatına, dünya dramaturji irsinə müraciətlə səhnə həyatı verdiyi bu
qəhrəmanlar teatrsevərlərin hafizəsinə həkk olunub.
Bundan başqa Rafael Dadaşov “Ötən ilin son gecəsi”, “Mehmanxana sahibəsi”,
“Səni axtarıram”, “Topal Teymur”, “Ordan-burdan” kimi televiziya tamaşalarında
ona məşhurluq gətirən rollarda çıxış edib.
Aktyorun zəngin səhnə həyatı olsa da, kino həyatı o qədər də geniş olmayıb. O,
karyerası boyu “Var olun qızlar”, “Yarımçıq qalmış serenada”, “Bəxt üzüyü”,
“Mənim ağ şəhərim” filmlərinə çəkilib.
Ekranda və səhnədə canlandırdığı, təbiiliyi və inandırıcılığı ilə səciyyələnən
rəngarəng xarakterli qəhrəmanlar onu sənətin incəliklərini dərindən mənimsəmiş
yüksək səhnə mədəniyyətinə malik aktyor olaraq geniş tamaşaçı auditoriyasına
sevdirib.
Yaradıcılıq potensialını televiziya və kino sahəsində də uğurla nümayiş
etdirən istedadlı aktyorun bədii filmlərdə və televiziya tamaşalarında
məharətlə canlandırdığı obrazlar həmişə özünün fərqli psixoloji-emosional
yozumu ilə səciyyələnib. Onun televiziya tamaşalarında yaratdığı personajlar
milli televiziyanın fondundakı dəyərli sənət nümunələri sırasında qorunub
saxlanmaqdadır.
Rafael Dadaşovun Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi
xidmətlər lazımınca qiymətləndirilib. O, 1987-ci ildə respublikanın “Əməkdar
artisti”, 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2019-cu
ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan
“Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq
artisti, Prezident təqaüdçüsü Rafael Dadaşov 2020-ci il martın 16-da vəfat edib.