1aefcdce-3caf-4fbe-8100-09e7684142be..jpg

Xalq artisti Rafiq Əzimov: “Kiçik rollar oynayıb bu mərtəbəyə çatmaq asan deyil” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 605 dəfə baxılıb.

Xalq artisti Rafiq Əzimov: “Kiçik rollar oynayıb bu mərtəbəyə çatmaq asan
deyil” – MÜSAHİBƏ + FOTO

85 yaşını adlasa da, ömrünün 60 ilini teatr və kino sənətinə həsr eləsə də,
özünə “sənətkar” deməyi xoşlamır. “Sənətin tavanı yoxdur. Əgər sənətkaram
deyiriksə, sənət orada bitir”,- deyir. Xalq artisti Rafiq Əzimovun fikrincə,
tamaşaçı qəlbinə yol tapmaq, ondan geri qalmamaq, o sevgini qoruyub saxlamaq
üçün daim sənətin sirlərinə yiyələnmək lazımdır.

Görkəmli aktyor “Kaspi”

qəzetinə müsahibəsində hələ oynamaq istədiyi rolların sirrini də açıb:

– Sizinlə müsahibə üçün 20 il əvvəl görüşmüşəm. Zaman baxımından az deyil. O
vaxtdan bu vaxta sənət aləmində nə dəyişib?

– Sənətimizin çiçəklənən dövrü idi. İstər kino, istər teatr, istər
televiziyada… O vaxt hara, indi hara? Mən heç vaxt taleyimdən şikayət
etməmişəm. Bu gün də etmirəm. Çünki uşaqlıq vaxtlarımdan – həm məktəb, həm
institut illərimdən aktyor olmaq, teatrda işləmək, filmlərə çəkilmək,
televiziyada çıxış etmək arzularımın hamısına nail oldum. Hələ gənclik dövrümdə
bütün bu arzularıma çatdım. Siz dünən zəng edəndə səhərə qədər yatmadım.
Bilirsiniz niyə? Vaxt vardı, müsahibə verəndə işlərimiz haqqında bülbül kimi
ötürdük. İndi çətinlik çəkirik – nədən başlayaq, nədə qurtaraq? Amma mən nikbin
adamam. Ona görə ki, sənət aləmində fasiləsiz olaraq 60 il Milli Akademik Dram
Teatrında çalışan ikinci bir aktyor yoxdur. Tamaşaçı bizi bizdən yaxşı tanıyır.
Mən sənət aləminə kiçik epizodik rollarla gəlmişəm. Baş rollarım da olub.
Professor İlham Rəhimli öz kitabında mənim yaradıcılığımı İsmayıl Osmanlının
yaradıcılığı ilə müqayisə edib. O da ömrü boyu epizodik rollar oynayıb, amma
SSRİ Xalq artisti adına layiq görülüb. Ona görə də, bizə institut dövründə
sənət haqqında dərslər keçəndə “Rolun böyüyü, kiçiyi yoxdur, aktyorun
böyük-kiçiyi var” deyirdilər. İsmayıl Osmanlı o qəbil aktyorlardan idi ki,
İlham Rəhimli də məni onun kimi “zərgər aktyor” deyə dəyərləndirib. Mən bununla
həmişə fəxr etmişəm. Kiçik rollar oynayıb bu mərtəbəyə çatmaq asan deyil.
Əməkdar artist, Xalq artisti fəxri adları, Prezident təqaüdü, “Şöhrət” ordeni –
bunlar boşuna verilmir. Ona görə də mən həmişə öz sənətimlə fəxr edirəm.

– Bəs dəyişən nədir?

– Bu gün doğrudan da sənətimizin çox çətin, ağrılı-acılı günlərini yaşayırıq.
Amma son aylar keçirilən kino və teatr forumlarında nazir Adil Kərimli bütün
sənət adamları üçün problemləri, təklifləri söyləməyə şərait yaratdı. Bu
tədbirlər gələcək işlərdə uğurlar olacağına bizə ümidlər verdi. Əminəm ki,
forumun nəticələri bizi naümid qoymayacaq. Bizim istedadlı insanlarımız çoxdur.
Onlara öz sənətlərini nümayiş etdirmək üçün meydan lazımdır. Mən institutu
qurtaranda 3 nəfər Milli Dram Teatrına təyinat aldıq. Təsəvvür edin ki,
kinolarda gördüyümüz o aktyorlarla artıq tərəf-müqabil olurdum. Fatma Qədri,
İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Əli Zeynalov, Ələsgər Ələkbərov kimi
nəhəng aktyorlar bu teatrda çalışırdılar. Tofiq Kazımov uzun illər teatrın
bədii rəhbəri olub. Gənclərin əksəriyyətini – Səməndər Rzayevi, Amaliya
Pənahovanı, Hamlet Xanızadəni hələ tələbə ikən teatra baş rollara dəvət elədi.
Bu aktyorlar az yaşadılar, amma nələr qoyub getdilər… Adlarını çəkdiyim
sənətkarları indi sağıma da, soluma da baxıb görə bilmirəm. Gəlib bu yaşa
çatmışam. Gənclik illərində həmişə özümdən yaşlı rolları oynamışam. Mən axı
keçmiş zamanda oynamışam. İndi əsl dövrümdür ki, bu günü oynayım.

Nəbi Xəzrinin “Burla Xatun” mənzum pyesində İxtiyar – Dədə Qorqud rolunu
oynadım. Ulu öndər gəlib tamaşaya baxdı. O, həmin dövrlərdə mənim oynadığım 4
tamaşaya baxmışdı. Eşidəndə ki, Ulu öndər Heydər Əliyev gəlib tamaşaya baxır,
biz həm qürur hissi, həm də həyəcan keçirirdik. Ümummilli lider bizi
dəyərləndirirdi, hədiyyələr verirdi. Bu fəxr deyil, nədir? Bunlar hamısı tarixi
faktlardır. O dövr üçün danışmağa məndə çox söz var. Mən işə piyada gedib
gəlirəm. Tamaşaçılarla ünsiyyətdə çox oluram. Onlar bizi sorğu-suala tuturlar:
hanı o filmlər, hanı o tamaşalar? Mən yalan danışa bilmirəm. Onlara bir söz
deyirəm: bizim xalqımız istedadlı xalqdır. Su gələn arxa bir də gələr.

– 60 il ərzində teatrda çoxlu bədii rəhbərlərlə işləmisiniz. Hər yeni təyinat
həyatınızda hansı dəyişiklik yaradıb, sənətinizdə hansı izi qoyub?

– Bu teatrda bədii rəhbərlərin də, baş rejissorların da, müdirlərin də sayı
çox olub. Deyəndə ki, mən 60 il bir teatrda işləmişəm, bu o deməkdir ki,
onların hamısı ilə işləmişəm. Səhnədə hələ məktəbli ikən Mirzəağa Əliyevi,
Sidqi Ruhullanı görmüşəm. Fatma Qədri ilə tərəf-müqabil olmuşam. Bu teatrda
Ədil İsgəndərov baş rejissor olub. Onun işlədiyi aktyorlar tələbələri olublar.
Daha sonra Mehdi Məmmədov bu səhnədə necə mükəmməl tamaşalar səhnələşdirib…
Əli İsmayılov direktor olub. Maqbet Bünyadov direktor olanda bütün teatr
nümayəndələrinin iştirakı ilə mənimlə Kamal Xudaverdiyevin 60 illik
yubileyimizi qeyd elədi. Əbülfəz Qarayevin əmri ilə 70 illik yubileyim də bu
teatrın səhnəsində yüksək səviyyədə keçirildi. Əliabbas Qədirov da, İsrafil
İsrafilov da, Azərpaşa Nemətov da bizim teatrda direktor oldu. Hər birinin öz
yeri olub.

Hazırda teatra tanınmış rejissor Mehriban Ələkbərzadə bədii rəhbər təyin
olunub. Kollektivimiz onu çox gözəl qarşıladı. Mehriban xanım hazırda Çingiz
Aytmatovun “Gün var əsrə bərabər” əsəri üzərində işləyir. Əminəm ki, teatrın
bütün kollektivi bu tamaşada çalışacaq. Şuşada onunla bəzi söhbətlərimiz oldu.
Mehriban xanımın istedadına bələdəm və vaxtilə onun hazırladığı tamaşada
oynamışam. Ümid edirəm ki, Mehriban xanım unudulmuş illərimizi, yüksək
səviyyəli tamaşalarımızı qaytaracaq. Əli İsmayılov adlı bir müəllimimiz vardı.
Həmişə deyərdi: “Dünənə görə çox sağ ol, mənə bu gündən danış”. Mən bu gündən o
vaxt danışacağam ki, yeni teatr mövsümi gəlsin.

– Bir ara aktyorların təqaüd yaşı ilə bağlı söz-söhbətlər meydana çıxdı,
qızğın müzakirələr getdi. Deyəsən o “təhlükə” sovuşdu…

– Yaşlı nəsil aktyorların yaş məhdudiyyəti, onların sənətdən uzaqlaşdırılması
ilə bağlı söz-söhbət yarandı. Amma sağ olsun xalqımız, deputatlarımız, həmçinin
nazirliyimiz bu məsələyə həssaslıqla yanaşdılar. Sağ olsunlar ki, bu məsələyə
nöqtə qoyuldu. Aktyorun yaş məhdudiyyəti yoxdur, istedadlısı və istedadsızı
var. O aktyor ki, hafizəsi yoxdur, danışığını bilmir, buyursun, getsin. Dövlət
onsuz da onlara qayğı göstərir. Nə qədər canımızda qüvvə var, çalışırıq.
Repertuarda bir çox tamaşalarda oynayıram. Əminəm ki, yeni mövsüm də mənim üçün
uğurlu tamaşalarla yadda qalacaq. Hazırda teatrda iki tamaşaya quruluş verilir.
Tofiq Kazımovun vaxtilə hazırladığı “Sənsiz” tamaşası yeni quruluşda
hazırlanır. Bu, onun 100 illik yubileyinə gözəl hədiyyə olacaq. Həmçinin Anarın
“Dantenin yubileyi” əsəri üzərində iş gedir.

– Tamaşaçılar sizi həm də kinodan tanıyır. “Yeddi oğul istərəm” də Şahsuvar,
“Arxadan vurulan zərbə”də Hüseynov, “Qızıl qaz” da Gündüz, “Xatirələr
sahili”ndə Vəli, “Sevil”də Zabit və neçə-neçə filmlərdə rollar… O tamaşaçılar
üçün hansısa sürpriz olacaqmı?

– İndi mən sizə sual verim: kino var?

– ….

– Rasim Balayevin Prezidentlə görüşü təkcə onun görüşü deyildi, bütün teatr və
kino adamlarının görüşü idi. O, hamımızın adından öz fikrini dedi. Rasim
Balayev bu gün kinomuzun fəxridir. Onun kimi sənətkarlarımızı qorumaq lazımdır.
Bir az ayağından şikayətlənsə də, hələ canında qüvvə var. Biz çox deyilik,
barmaqla sayılacaq qədər qalmışıq. Rasim də bu gün ümidlə yaşayır. Bizim
borcumuz var: biz qazilərimizə, şəhidlərimizə, ordumuza, Ali Baş Komandanımıza
borcluyuq. İstedadlı gənclərimiz onların qəhrəman obrazlarını yaratmalıdırlar.
Sənət aləmi zərrəbinlə hər şeyi göstərə bilər. Şuşada – Xarıbülbül Musiqi
festivalında iştirak edəndə əzəmətli dağları görüb “İlahi, bizim igidlərimiz
bura necə dırmaşıblar?”, – deyə heyrət etdim. Bizim o igidlərimizə borcumuz
var. Analarımızın gözü yoldadır. Onların qəhrəmanlığını dünyada tanıtmaq
lazımdır. Elə filmlər çəkilməlidir ki, 44 günlük müharibədəki qələbəmizi
tərənnüm eləsin.

-Vaxtilə həvəslə baxdığımız teletamaşalar da yoxdur artıq…

– O vaxt televiziyada maraqlı tamaşalar çəkilirdi. Heç yadımdan çıxmır: “Göz
həkimi” tamaşasında professor İvanovu oynayırdım. Əvvəl rolu Hamlet Qurbanova
vermişdilər. O, məşqlərə gəlmədi. Sonra Lütfi Məmmədbəyov rolu mənə verdi. O
zaman tamaşanın məsləhətçisi Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun direktoru
Nazim Əfəndiyev idi. Professora zəng edib “Xəstəxanaya gələ bilərəm?”, – deyə
soruşdum: “Mənə rol tapşırılıb. Xəstə-həkim münasibəti, göz əməliyyatı olandan
sonrakı prosesləri, xəstənin davranışlarını və s. gözümlə görmək istəyirəm”, –
dedim. Əgər 2-3 gün xəstəxanaya getməsəydim, rolum elə alınmayacaqdı.

Göyçayda qastrolda olanda mehmanxana ilə üzbəüz mağaza vardı. “Yaxşı mallar
gəlib, gedək baxaq”,- deyə sənət yoldaşlarıma dedim. Birdən bir qoca qadın
piştaxtanın arxasından çıxıb məni qucaqlayaraq: “Sənə qurban olum, gözlərin
açıldı?”, – deyə ağladı. Aktyor yoldaşlarım gülüşdü. “O tamaşa idi”, – deyə
qadını güclə sakitləşdirdik.

– Sənət baxımından sovet dövrünün nostaljisini yaşayırsınız?

– Yaxşını yaxşı, pisi pis demək lazımdır. Biz o dövrü yaşamışıq. Bu tarix
qalır, onu pozmaq mümkün deyil. Biz pioner qalstuku da taxmışıq, komsomol
nişanı da. Mən teatrda partiya təşkilatının katibi idim. İndi şikayət etməyə
haqqım yoxdur. 80 illiyimlə əlaqədar hörmətli Prezidentin sərəncamı ilə mənə
“Şöhrət” ordeni verildi. Amma 85 illiyim Mədəniyyət Nazirliyində rəhbər
dəyişikliyi olan dövrə düşdü. Ramiz Məlikin 80 yaşı oldu. Cənab Prezident onu
Fəxri Diplomla təltif etdi. Prezident heç kəsi mükafatsız buraxmır. Mən
yubileyimlə bağlı car çəkmək istəmirəm, amma sakitcə müraciət edəcəyəm.

– Ailənizdə sənətinizi davam etdirən varmı?

– Oğlum uşaq vaxtı 3 filmdə çəkilib. Sonra Eldar Quliyev onu “Nizami” filmində
Məcnun roluna çəkmək istədi. Onda oğlum 10-cu sinifdə oxuyurdu. İnstituta daxil
olmalı idi. Təhsilinə mane olmasın deyə, razı olmadım. Bu, çox çətin sənətdir.
Hər adam buna dözə bilməz. Ona görə oğlumun aktyor olmasını istəmədim. Heç
peşman da deyiləm. Bizim sənət adamlarının uşaqlarının bəziləri sənətdə
yerlərini tutublar, bəziləri yox.

– “Kaş onu da oynayaydım”, – deyə içinizdə hansı rol qalıb?

– Arzular genişdir. Həmişə bu barədə düşünürəm. Bilmirəm, Mehriban xanımın
hazırladığı tamaşada varammı? Amma Nabrana istirahətə gedəndə kitabı özümlə
aparıb təkrar oxudum. Oxuduqca obrazlar gözümün önünə gəlir və “Bu, mənə nə
qədər doğmadır?”, deyə özümə sual verirəm. İndiyə qədər bir rejissora deməmişəm
ki, mənə hansısa rolu verin. Bir də görürsən ürəyindən keçən rol sənə verilmir.
Heç olmasa, dublyor versinlər, o da olmur. Bu da aktyorun içində qalır. Bu
teatr mövsümünü böyük ümidlə gözləyirəm…

Source link