c6d14e1c-1f48-4871-b034-74269b112b93..jpg

Xalq artisti Rasim Balayev: “Nə olsun ki, Aygün Bəyləri Suraxanıda dəfn ediblər”

Baxış sayı: 687 dəfə baxılıb.

Xalq artisti Rasim Balayev: “Nə olsun ki, Aygün Bəyləri Suraxanıda dəfn
ediblər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Əməkdar artisti Aygün Bəylər (Hümmətova) 3 gün öncə dəfn olundu
.

Mərhumun Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılması isə müzakirəsiz
ötüşmədi. Bəziləri onun Fəxri Xiyabanda dəfn edilməsinin daha düzgün olacağını,
bunun haqsızlıq olduğunu iddia etdi.

Məsələ ilə bağlı Yenisabah.az-a Xalq artisti Rasim Balayev danışıb. Aktyor
sənətkarın ölümündən təsirləndiyini bildirib. O, dəfn yerinin heç bir məna kəsb
etmədiyi qənaətində olduğunu deyib:

“Aygün Bəylər dünyasını dəyişdi, Allah rəhmət eləsin. Onu Suraxanı
qəbiristanlığında, Yasamal qəbiristanlığında, yoxsa Fəxri Xiyabanda dəfn
etdilər nə fərqi var?! Bir dəfə bu mövzu müzakirə olunanda rəhmətlik Xalq
artisti Eldəniz Zeynalov yarızarafatla çox gözəl cavab vermişdi. Demişdilər ki,
filankəsi Qanlı gölün yaxınlığında dəfn ediblər, aktyor da cavab vermişdi ki,
“Hə, oranın havası yaxşıdır”.

Bütün bunlar mənasız söz-söhbətlərdir. Aygün Bəylərə heyf oldu, o gözəl
sənətkar idi. Bu da Allahın yazısı idi, düzdür, adam pis olur ki, yaşı çox
deyildi, amma nə etmək olar, hərənin bir taleyi, alın yazısı var. Aygün
Bəylərin istedadı, özünəməxsus oxu tərzi vardı. O, şou-biznesdəki hər kəsdən
fərqlənirdi. Allah ona rəhmət eləsin, harada dəfn olunmağının nə fərqi var.
Əvvəldən sanki “qanun” qoyublar ki, məşhurlar mütləq birinci, ikinci Fəxri
Xiyabanda dəfn edilməlidir. İslam dinində belə şey yoxdur. Hətta bizim
qoydurduğumuz dəbdəbəli başdaşları, heykəllər, şəkillər də dinimizdə yoxdur.
İslam dininə görə balaca bir daş qoyulmalıdır və bir nəsil keçəndən sonra qəbir
yeri itməlidir. Qəbir zamanla itməlidir. İndi qəbirə kəhkəşanlar qoşurlar,
böyük heykəllər ucaldırlar. Bunlar hamısı mənasız şeylərdir. Həyatdır, sabah nə
olacağını bilmək olmur, kimin ağlına gələrdi ki, Leninin ucaldılan bütün
heykəlləri söküləcək?”

Rasim Balayev Aygün Bəylərin dəfn mərasimində iştirak etməməsinin səbəbini də
açıqlayıb:

“Bir az xəstəyəm deyə Aygünün dəfn mərasimində iştirak edə bilmədim. Yoxsa
mütləq onu son mənzilə yola salmağa gedəcəkdim. Çünki ona çox böyük hörmətim
olub. Heç o özü bilmirdi ki, mənim ona nə qədər sevgim, hörmətim var. Hər zaman
kənardan onu dinləmişəm, görmüşəm ki, bu xanımda çox böyük istedad var. Əsas
odur ki, o, yaxşı sənətkar kimi ad qoyub getdi. Vallah, onun dəfn yeri önəmli
deyil, onun yeri insanların qəlbidir. Daim də yeri ora olacaq. Uzun illər
keçəcək, amma onun avazı gələndə hər kəs üzünü görməsə belə, biləcək ki, oxuyan
Aygün Bəylərdir”.

Source link