ff82ce5d-728b-4716-a907-af92bbab9fc9..jpg

Xalq artisti Səyavuş Aslanın doğum günüdür – VİDEO

Baxış sayı: 495 dəfə baxılıb.

Xalq artisti Səyavuş Aslanın doğum günüdür – VİDEO

Bu gün Xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Aslanın doğum
günüdür.

Cixisyolu.com xatırladır ki, Azərbaycan realist aktyor məktəbinin görkəmli
nümayəndələrindən olan Səyavuş Məmmədağa oğlu Aslanov 1935-ci il sentyabrın
5-də Bakıda dünyaya göz açıb.

1947-53-cü illərdə aktyor Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban
Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib.

Yaradıcılığa 1954-cü ildə başlayan sənətkar musiqili komediya estrada
truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

1959-cu ildə Bakıya qayıdan Səyavuş Azərbaycan Dövlət Musiqili Komediya
Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun
“Toy kimindir?” tamaşasında “Qoşun” rolunu uğurla ifa etdiyinə görə aktyor
heyətinə keçirilir. Daha sonra teatrda maraqlı və yaddaqalan obrazlar
canlandırır.

Bu tamaşalara “Bayram” (“Kəndimizin mahnısı”, Kərim Kərimov), “İbişov”
(“Özümüz bilərik”, Şıxəli Qurbanov), “Dadaşbala” (“Hicran”, Sabit Rəhman),
“Qəmzəli” (“Qaçırılmış qız”, Cahangir Məmmədov) və başqalarını aid etmək olar.

O, uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı
aktyorlarından biri olaraq çalışıb. 1994-96-cı illərdə həmin teatrın bədii
rəhbəri işləyib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı fəaliyyətinə görə 1974-cü ildə
“Azərbaycan Respublikasının Əməkdar artisti”, 1982-ci ildə “Xalq artisti” fəxri
adları ilə təltif olunub. Aktyor Prezident təqaüdçüsü olub.

1995-ci ildə “Şöhrət” ordeni ilə və 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə
təltif edilib.

Səyavuş Aslan ağır xəstəlikdən sonra 2013-cü ildə Bakıda vəfat edib. O, İkinci
Fəxri xiyabanda dəfn olunub.


Source link