7f96e7c1-0c29-4289-b56a-2547219b3930..jpg

Xalq artisti Yaşar Nuri xatirələrdə: “Üzü nə qədər çox gülürdüsə…” – FOTO

Baxış sayı: 492 dəfə baxılıb.

Xalq artisti Yaşar Nuri xatirələrdə: “Üzü nə qədər çox gülürdüsə…” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özü haqqında “Nadiri taxta görən adam” deyirdi. Baxmayaraq ki, yaşı o qədər də
çox deyildi, amma həyatın dərsləri, oynadığı obrazların sanbalı, sənətinin
ağırlığı, insanlara olan münasibəti, tamaşaçıların sonsuz sevgisi bu sözləri
deməsinə haqq verirdi. Xalq artisti Yaşar Nurini 22 noyabr – xatirəsi günündə
xatırlayan sənət dostları da onu təkcə bütün xalqın sevdiyi, sənətdə izi qalan
aktyor yox, həm də başqalarına kömək edən, gənclərin hamisi adlandırırlar.

“Kaspi”

qəzeti Y.Nurinin sənət dostlarının onun barəsində xatirələrini bölüşüb.

“Yaşar həyatdan erkən getdi…”

Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov “Yaşar Nuri hərtərəfli aktyor idi.
O, yumor, satira, komediya janrlarında oynayırdı, amma qəlbində dramatik insan
obrazı vardı. Hər komik aktyor dramatik rollar oynaya bilmir, amma Yaşar bunu
çox gözəl bacarırdı”, – deyə sənət dostunu xatırlayır:

“Bu, Yaşarın gənc vaxtında televiziyada çəkilən “Səni axtarıram” tamaşasında
oynadığı rolla özünü göstərdi”.

M.Fərzəlibəyov Yaşar Nuri ilə bir neçə tamaşada işləyib, birlikdə “Ölülər”
filmində çəkiliblər:

“Bir rejissor kimi çox təəssüf edirəm ki, Yaşar həyatdan erkən getdi, o, hələ
çox rol oynaya bilərdi. Aktyorun yaşı olmur. Yaşlı aktyoru cavan aktyor əvəz
edə bilməz və etmir də. Yaşar Nuri xoşbəxt sənətkar olub, çünki həmişə
tamaşaçıların yadında qalıb. Onun oynadığı filmlər həmişə göstərilir, haqqında
kitablar yazılır, məhəbbətlə xatırlanır. Onu heç vaxt unutmurlar. Çünki Yaşarı
unutmaq mümkün deyil!”

Yaşar bu gün yoxdur…

Xalq artisti Səidə Quliyeva deyir ki, Yaşar Nuridən səhnədə çox şey öyrənib:

“Yaşar elə bir aktyor idi ki, o, öz oyunu ilə tərəf müqabilinə kömək edirdi.
Bu xüsusiyyət nadir aktyorlara məxsusdur. Aktyor var, səhnəyə çıxır, roluna
uyğun oynayır və tərəf müqabilini qətiyyən düşünmür. Amma Yaşar çoxşaxəli idi.
Mən ondan çox şey öyrənmişəm. Aktyora lazım olan bütün xüsusiyyətlər onda
toplanmışdı. Yaşarın yüksək fantaziyası vardı. Bir obrazı hazırlayırdısa
ətrafdakı insanları müşahidə edə-edə, hərədən bir detal götürərək onu
dolğunlaşdırırdı. Yaşar diqqətli aktyor, sənətini sevən insan idi. Çox
nizam-intizamlı idi.

Səhər 10-da məşq başlayacaqdısa o, saat 9-dan teatrda olurdu. Bu da sənətə
sevgisindən, ətrafda olan insanlara hörmətindən irəli gəlirdi”.

S.Quliyeva Yaşar Nurini “tamaşaçının dostu” adlandırır:

“Yaşar tamaşaçıların sevimlisi idi. O, insanlarla dostluq edirdi. O, doğma
aktyor idi. Üzündə sanki “şeytan tükü” vardı. Hətta inciyəndə də ona nifrət
etməyi bacarmırdın. Lətifələr danışır, ətrafını elə maraqlı edirdi ki, ondan
incimək olmurdu. Həyatsevər insan idi. Mən ona bənzərini görmürəm. Ondan sonra
aktyorlara Yaşarın rolları paylandı, amma çoxu imtina etdi. Çünki Yaşarda olan
sevimlilik o aktyorlarda yox idi. Yaşar xoşbəxt aktyor idi. Sağ olanda da
sevilirdi, dünyasını dəyişəndən sonra da sevilir”.

“Yaşardan ancaq yaxşılıq görmüşəm”

Yaşar Nuri həmişə müsahibələrində “Mən yeganə aktyoram ki, həm Akademik
Teatrda, həm Opera Teatrında, həm Musiqili Komediya Teatrında oynamışam. Həm də
kinoda çəkilmişəm”, – deyirdi. Bu, həqiqətən də belə idi…

Dövlət Musiqili Teatrının aktyoru Ələkbər Əliyev xatırlayır:

“Yaşar Nuri mənə dərs deməsə də, diplom tamaşamıza baxmışdı. Biləndə ki, mənim
təyinatımı Musiqili Teatra veriblər baş rejissor Vaqif Abbasova “Mənim
tələbəmin təyinatını sizə veriblər. Onun çox gözəl səsi var və gözəl aktyordur,
ondan muğayat olun”, – deyə tapşırmışdı. Yaşardan ancaq yaxşılıq görmüşəm. İndi
də onun yeri görünür…”.

Sonra tale Ə.Əliyevi yenidən Yaşar Nuri ilə səhnədə görüşdürüb. Musiqili
Teatrda eyni səhnəni bölüşüblər:

“İş elə gərirdi ki, Yaşar Musiqili Teatrda “Subaylarınızdan görəsiniz”
tamaşasını hazırladı və mən həmin tamaşada baş rolda oynadım. Seyfi obrazını
oynayan aktyor xəstələndiyi üçün Yaşar özü də səhnəyə çıxdı və tərəf müqabil
olduq. Ondan sonra Seyfi rolunu çox aktyor oynadı, amma heç biri onu əvəz edə
bilmədi. İndi də başqa aktyorlar o rolu oynayır, amma Yaşarın yerini heç kim
vermir”.

Ə.Əliyev Opera Teatrında “Arşın mal alan” operettasında da Yaşar Nuri ilə
tərəf müqabil olduğunu xatırlayır:

“Yaşar Soltan bəyi, mən də Vəli rolunu oynayırdım”.

Yaşar Nuri səhnədə həmişə gənclərin hamisi olub. Onlara dəstək göstərib,
məsləhətini əsirgəməyib.

Aktrisa Məsmə Aslanqızının yaddaşında da yaxşı insan kimi qalıb:

“1995-ci ildə Elçinin “Ah, Paris, Paris” tamaşasının məşqlərinə başladıq. Bir
il sonra tamaşa təhvil verildi. Mən o tamaşada Yaşar Nurinin qızı rolunu
oynadım. Bu tamaşa ilə də teatra gəlmişəm. İlk debüt tamaşamda Yaşar Nuri kimi
bir sənətkarla səhnəni bölüşmək mənim üçün böyük fəxr idi. Heç kəs inanmırdı,
amma bu xoşbəxtlik mənə nəsib oldu. Yaşar Nuri ilə səhnəyə çıxmaq həm fəxr
hissi idi, həm də o, səni heç vaxt pis vəziyyətdə qoymurdu. Gənc aktrisa idim –
söz də yadımdan çıxa bilərdi, 500 nəfərlik auditoriya qarşısında özümü itirə də
bilərdim. Bu qədər tamaşaçı qarşısında oynamaq 1-ci kurs tələbəsi üçün çox
çətin idi. Amma Yaşar müəllim yanımda olduğu üçün çox rahat idim”.

M.Aslanqızı sonradan Yaşar Nuri ilə “Mənim ərim dəlidir”, “Mənim sevimli
dəlim”, “Hamlet”, “Sokratı anma gecəsi” və s. tamaşalarda da tərəf müqabil olub:

“Yaşar Nuri ilə səhnəni bölüşmək adama zövq verirdi. Onunla bir neçə il
çiyin-çiyinə işlədim, bircə dəfə də görmədim ki, hansısa gənc aktyorun xətrinə
dəysin. Xudbinliyi yox idi, sadə və mehriban insan idi. Kənardan ona baxanda
bəlkə də çoxları fikirləşirdi ki, heç bir dərdi yoxdur. Amma üzü nə qədər çox
gülürdüsə, bir o qədər içində çəkirdi. O, çox həssas idi. Elə aktyorlar var ki,
onlardan sonra yerləri daim görünür. Həsənağa Turabov, Kamal Xudaverdiyev,
Səyavuş Aslan, İlham Əsgərov, Telman Adıgözəlov, Ramiz Novruz, Yaşar Nurinin
yerini də heç kəs verməyəcək”.

Source link