Xalq artisti Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək
istəmirəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza
əbədi həkk olunub. O “Züleyxa”, “Təhminə”, “Kleopatra”, “Şölə” və sairə bu kimi
obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı
aktrisası Zemfira Nərimanovadır.
İllərdir, efirlərdən və mətbuatdan uzaq düşən aktrisa bu gün doğum gününü qeyd
edir. Nadir hallarda müsahibəyə razı olan sənətkar əlamətdar günündə
Moderator.az-a açıqlama verib.
“Hər il ilk təbriki əzizlərimdən, doğmalarımdan, ürəklərində hər zaman olduğum
insanlardan alıram. Özü də gecə saat birə bir dəqiqə işləmiş. Ailə üzvlərimin
ünvanıma söylədiyi xoş sözlər məni fərəhləndirir. Dostlarım, hətta mənim
gənclik illərimdən rəfiqəlik etdiyim şəxslər, xarici ölkədə yaşayan tanışlarım
bu gün mənə zəng edib. Müharibədən və pandemiyadan sonra doğum günlərimi elə də
təntənəli qeyd etmirəm. Bir o qədər də həvəsli deyiləm. Bu gün mən Allahlayam.
Bu günü özümə həsr edirəm”, – deyə sənətkar bildirib.
Xalq artisti filmlərdə çəkilməməyinin səbəblərindən də danışıb.
“Əgər mən unudulmuramsa demək ki, həyatda nəyəsə nail olmuşam. Heç vaxt özümü
sənətdə sevməmişəm, sənətimi özümdə sevmişəm. Hətta tələbələrimə də bunu
deyirdim ki, sənəti sevin. Sənəti sevsəniz onun bəhrəsini görəcəksiniz.
Ümumiyyətlə həyatda nə edirsənsə sevə-sevə etməlisən. Allaha qurban olum.
İndiyə kimi tanınıram. Hara gedirəmsə tanıyırlar, sevdiklərini söyləyirlər,
şəkil çəkdirirlər. Əvvəl avtoqraf yazırdın, idni artıq telefonlar var. Şəkil
çəkdirirlər. Hardasa yaxşı çıxırsan, hardasa pis (gülür). Artıq gənclik illəri
deyil. Yenə də təkrar edirəm ki, işimi sevirəm. Amma əfsuslar olsun ki, maraqlı
ssenari yoxdur. Məni maraqlandıran nəsə olsa böyük məmnuniyyətlə çəkilərəm də,
efirlərə də çıxaram. Yetər ki, mənə maraqlı olsun. O material məni inandırsın,
özünə cəlb etsin. Əgər belə olsa mən də sevə-sevə bu işi görərəm. Heç nə
yoxdursa, çıxıb özümü göstərmək istəmirəm. İndiyə qədər oynadığım obrazlarımın
hamısı yadda qalıb. Hətta bəzən bu gün mənə görüntülər yollayırlar. Düşünürəm
ki, bu obrazın adı nə idi? Yadımdan çıxıb. Maşallah olsun, o qədər çox rollar
oynamışam ki, məni sevənlərin yaddaşında qalıb, amma mən unutmuşam. Bütün
rollarım mənim üçün əziz olub, doğma olub”, – deyə aktrisa qeyd edib.
Sənətkar bildirib ki, Akademik Milli Dram Teatrının səhnəsində Xalq artisti
Hökümə Qurbanovadan sonra “Kleopatra” obrazını məhz özü oynayıb.
“Hökümə xanım çox böyük sənətkar idi. Amma qızı, rəhmətlik Vəfa Fətullayevaya
görə məni bir az qısqanırdı. “Kleopatra” tamaşasından sonra mənə yaxınlaşıb
demişdi ki, “səhnəni sənə tapşıra bilərəm”. Mən onun böyüklüyünü bu zaman
anladım. Təbii ki, bu sözlər mənim üçün çox böyük alqış idi”, – deyə Xalq
artisti bildirib.
Onu da qeyd edək ki, sənətkar teatr fəaliyyəti ilə yanaşı uzun illər
Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.