c7899d46-1768-4200-bcbd-ae89c1497649..jpg

Xalq artistinin nəvəsi: “Onun anam yox, nənəm olduğunu öyrənəndə…” – FOTO

Baxış sayı: 370 dəfə baxılıb.

Xalq artistinin nəvəsi: “Onun anam yox, nənəm olduğunu öyrənəndə…” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ömrümün hər dəqiqəsində nənəm yadıma düşür. Elə bir gün yoxdur ki, onu yada
salmayım. Hər gün yoxluğu hiss olunur. Heç kim onun yerini vermir, onu mənə
əvəz etmir. O mənə nənəlik yox, analıq edib. Anaların övladına etdiyindən də
artığını nənəm mənim üçün edib”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nuriyyə Əhmədovanın nəvəsi Faiq
İbadzadə deyib.

“Uzun illər sonra onun anam yox, nənəm olduğunu bildim. Uşaq idim, onu bizi
birlikdə görən insanlar soruşurdular ki, nəvəndir? Deyirdi ki, xeyr, oğlumdur.
Sonra qonşu qadınlar öz aralarında danışanda bildim ki, mən onun nəvəsiyəm.
Amma bununla belə o doğmalıq, o hisslər mənim ona anaya olan münasibətimi
dəyişmədi. Bəzən mənə deyirlər ki, “ailə həyatı quracaqsan, övladın olacaq, onu
valideynindən də çox istəyəcəksən”. İnanmıram belə bir şey mümkün olsun”, –
deyə nəvəsi Faiq deyib.

Faiq İbadzadə nənəsinin sevdiyi filmlərindən də danışıb.

“Nənəmin ən çox sevdiyim ekran işi “Yerlə göy arasında” filmidir. O filmdə
həqiqətən də ağlayıb. Çox çətin günlər yaşayırdı. Sanki o film onun başını
qarışdırdı, onu xilas etdi. Filmdə öz dərdinə, acısına ağlayırdı. “Həm ziyarət,
həm ticarət” filmindəki rolunu da çox sevirəm. Orada həddindən artıq
səmimidir”, – deyə sənətkarın nəvəsi bildirib.

O daha sonra əlavə edib.

“Bu günlərdə nişanlanmışam. Nənəmin o vaxt görüb bəyəndiyi xanımla ailə həyatı
quracağam. Çox istəyirdi onu. Deyirdi ki, “bu qızı sənə alacağam”. Hələ o vaxt
həyatı dərk etmirdim. Həmişə deyirdi ki, “səni evləndirsəydim, ev alsaydım,
dərdim olmazdı”. Qismət. Nuriyyə Əhmədova abırlı, ismətli xanım kimi yaşayıb,
elə də bu dünyadan köçdü. Onunla bu gün də fəxr edirəm. Bu sənətdə hər cür adam
olur. Onun adı mənim üçün hər zaman baş ucalığıdır. Nuriyyə Əhmədova haqqında
bu gün hər kəs xoş danışır, onu ürək ağrısı ilə xatırlayırlar. Hər bazar günü
məzarını ziyarət edirəm. Elə həftə olur ki, iki dəfə gedirəm”.

Source link