f00bf617-72fe-4234-b0f8-d6b2d68045f1..jpg

Xalq şairi Səməd Vurğunun doğum günüdür – FOTO

Baxış sayı: 967 dəfə baxılıb.

Xalq şairi Səməd Vurğunun doğum günüdür – FOTO

Bu gün tanınmış dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın
ilk xalq şairi Səməd Vurğunun 117 yaşı tamam olur.

Cixisyolu.com xalq şairinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı
Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olub. Şair uşaqlıq illərini
doğma kəndində keçirmiş, ilk təhsilini kənd məktəbində almışdır.

1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori
müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax
müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı
idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov
qardaşları da var idilər.

Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından
biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qəzetində
çıxırdı.

Şairin ilk çap əsəri olan “Cavanlara xitab” şeiri 1925-ci ildə Tiflisdə çıxan
“Yeni fikir” qəzetində dərc olunub. Bu şeiri o, seminariyanı qurtarması
münasibətilə yazıb.

Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra kənd və
rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin vətəni Gəncədə
Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.

Onun yaradıcılığı sadə xalq dilinə yaxınlığı ilə seçilib. Vurğun şeir və
poemalarında sevgiyə və təbiətə tərənnümlərinə geniş yer verib. Şairin 1934-cü
ildə yazdığı “Azərbaycan” şeiri ədəbiyyatımızda bütün dövrlərin ən yaxşı nəzm
əsərləri arasında göstərilir.

1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız
və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin
“Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edib.

1930-cu illərdə şairin “Könül dəftəri” və “Şeirlər” kitabları çapdan çıxıb.

1937-ci ildə “Vaqif”, sonrakı illərdə “Xanlar”, “Fərhad və Şirin”, “İnsan”
dramlarını, “Zəncinin arzuları”, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı”
poemalarını qələmə alıb.

1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının
vitse-prezidenti vəzifəsinə təyin edilib. O, müxtəlif illərdə SSRİ-nin ən
yüksək orden və medalları ilə təltif edilib.

1956-cı ilin martında “Azərbaycanın Xalq Şairi” fəxri adı təsis edilib və ilk
dəfə bu ada Səməd Vurğun layiq görülüb. İki dəfə “Stalin” mükafatı laureatı
(1941, 1942) və iki dəfə ”Lenin” ordeni laureatı, Azərbaycan Yazıçılar
İttifaqının sədri (1941-1948), Azərbaycan SSR Ali Sovetinin deputatı,
Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR
EA-nın akademiki (1945) və vitse-prezidenti (1954-1956). Azərbaycan Elmlər
Akademiyasının təsisçilərindən biri olub.

Şair 1956-cı il mayın 27-də ağciyər xərçəngindən dünyasını dəyişib və Fəxri
xiyabanda dəfn edilib. Şairin övladları da atalarının yolunu davam etdirib və
ədəbiyyat sahəsində böyük uğurlara imza atıblar. Azərbaycan mədəniyyəti
qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı,
Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar
mədəniyyət işçisi fəxri adına layiq görülüblər. Şairin adı ölümündən sonra
müxtəlif yerlərdə əbədiləşmişdir. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış,
meydana və mərkəzi küçələrdən birinə şairin adı verilib.

Source link