Xalq yazıçısı Anar: “Şuşanı alacağımıza əmin idim” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Anarı təqdim etməyə ehtiyac yoxdur. Azərbaycanda hər bir ailədə onu
tanıyırlar. Onun “Keçən ilin son gecəsi” əsəri dərsliyə daxil edilib…”
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Binəqədi rayonundakı
276 nömrəli tam orta məktəbdə auditoriyaya belə təqdim olundu.“Kaspi”
qəzeti ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə layihəsi olan
“Məktəbdə”nin qonağı olan Xalq yazıçısı “Mənə xoşdur ki, yeni nəsil yaşlı nəsil
yazıçıların əsərlərini oxuyur”, – deyə auditoriya ilə birbaşa ünsiyyətə keçdi.
“Ədəbiyyatımızın möhkəm əllərdə olduğuna əminəm”
“Hazırda Azərbaycanda ədəbi mühit sizi qane edirmi? Hansı şair və yazıçıları
perspektivli hesab edirsiniz?” – deyə səslənən ilk sualı yazıçı belə
cavablandırdı: “Ədəbi mühit həmişə olduğu kimi var. Yazıçı və şairlər, o
cümlədən gənclərimiz müxtəlif janrlarda əsərlər yazırlar. Yazıçılar Birliyinin
təşəbbüsü ilə Qarabağ qələbəsinə həsr olunmuş “Qarabağ dastanı: 30 ilin
həsrəti, 44 günün zəfəri” adlı kitab çap olundu. Nəşrə yazıçı və şairlərimizin
poemaları, hekayələri, məqalə və şeirləri daxil edildi. Bu kitab mənim üçün çox
dəyərlidir. Ədəbi mühitin təmsilçilərinə gəlincə, ad çəkmək istəmirəm. Amma mən
gənc nəslə çox inanıram. Ədəbiyyatımızın möhkəm əllərdə olduğuna əminəm”.
Məsuliyyət “senzurası” olsun
“Belə bir fikir var ki, bu gün elektron resurslar, sosial şəbəkələr gəncləri
mütaliədən uzaqlaşdırır. Həqiqətən narahat olmağa dəyərmi?” sualını
cavablandıran Anar bu tendensiyaya görə narahat olduğunu bildirdi: “Sosial
şəbəkələr bəşəriyyətin çox böyük texniki ixtirasıdır. Sosial platformalar təzə
yaranan vaxtlarda Kanadanın tanınmış alimlərindən biri “dünya böyük bir kəndə
dönəcək”, – deyə bildirdi. Yəni kəndin bu başında baş verən hadisəni o biri
başında hər kəs biləcək. Həqiqətən də texniki vasitələrin icad olunması və
məişətimizə daxil olması dünyanı böyük bir kəndə döndərdi. Mən sosial
şəbəkələrdən istifadə etmirəm. Mənə möcüzə kimi görünən platforma
“Vikipediya”dır. Evimdə zəngin bir kitabxana toplamışam. Hərdən deyirəm ki,
bilsəydim nə vaxtsa belə bir platforma yaranacaq, heç bu kitabxananı
toplamazdım. Texniki inkişaf bəşəriyyət üçün mütərəqqi bir addımdır. Amma
bəşəriyyətin və insanlığın mənəvi inkişafı texniki inkişafla üst-üstə düşmür.
Ona görə də bu şəbəkələrdən sui-istifadə edərək hər cür böhtana-təhqirə yol
verirlər. Və bunu edən adamlar məsuliyyət daşımırlar. Kimi istəyirlər təhqir
edirlər. Mən senzuranın əleyhinəyəm. Sovet vaxtı başım senzuradan çox çəkib.
Ona görə heç vaxt istəmirəm senzura olsun. Amma məsuliyyət “senzurası” kimi bir
təşkilat olsun ki, belə halları tənzimləsin. Böyük bir ixtiranı müsbət şeylərə
sərf etmək lazımdır, mərdimazarlığa, düşmənliyə, cəmiyyətə nifaq salmağa yox!”
“İlk müəllimim valideynlərim olub”
“Həyatda ən böyük müəlliminiz kim olub?” – sualına Anar “Yəqin ki, ilk
müəllimlərim valideynlərim olub. Çünki birinci tərbiyəni onlardan almışam”, –
deyə cavab verdi: “Sonra məktəb müəllimlərimin həyatımda böyük rolu olub.
Ədəbiyyata gəldikdə, çox yazıçılardan təsirlənmişəm, çox yazıçıları özümə
müəllim saymışam. Amma ədəbiyyatda ən böyük müəllimim Cəlil Məmmədquluzadəni
sayıram. Çünki mənəvi, ruh və ağıl cəhətdən onu özümə ən yaxın hesab edirəm”.
“Ortaq” sözünün əleyhinəyəm
“Ortaq Türk dili haqqında nə düşünürsünüz?” – deyə müəllimlərdən birinin
sualını Xalq yazıçısı belə cavablandırdı: “Mən “ortaq” sözünün əleyhinəyəm.
Çünki “ortaq” deyəndə belə çıxır ki, bütün türk xalqları bir dildə
danışmalıdır. Yəni azərbaycanlı Azərbaycan dilində yox, türk dilində
danışmalıdır. Eləcə də, özbək də, Türkiyə türkü də elə… Mən onun tərəfdarıyam
ki, bir azərbaycanlı öz dilində danışsın, yazsın və ömrü boyu bu dilə sadiq
qalsın. Eləcə də, özbək, tatar, qazax, qırğız. Amma bir-biriləri ilə Türkiyə
türkcəsində danışa bilərlər. Deyə bilərlər ki, ünsiyyət dili kimi rus dili var.
Mən rus dilinin əleyhinə deyiləm. Amma biz ilk növbədə öz dilimizi bilməliyik.
Eyni zamanda, rus dilini də bilməliyik. Rusiya ilə bizim 200 illik əlaqələrimiz
var. Bu dil vasitəsilə dünyanın çox mədəni sərvətlərinə çıxış əldə edə bilərik.
Amma türk dünyasının böyük bir qismi rus dilini bilmir. Bu xalqlar bir-biriləri
ilə daha çox Türkiyə türkcəsində danışa bilərlər”.
Həm vətənpərvər, həm yaxşı mütəxəssis
Məktəblilərdən biri Anarın gənclərə tövsiyələrini eşitmək istədi: “Həmişə
cavanlara deyirəm ki, kitab oxusunlar. İlk növbədə dünyanın təməl kitablarından
başlamaq lazımdır. Homerdən, Dantedən, Şekspirdən, Servantesdən… Bunlar əbədi
əsərlərdir. Rus ədəbiyyatından Dosytoyevskinin, Puşkinin, Çexovun, Tolstoyun
əsərlərini oxumaq lazımdır. Təbii ki, müasir ədəbiyyatı da izləməyə ehtiyac
var. Amma bünövrə olmadan müasir kitablar oxusanız, yanlış bir təsəvvür
formalaşar ki, ədəbiyyat elə budur. Bizim cavanların bir bəlası da budur ki,
təməl kitablardan xəbərsizdirlər, dəbdə olan kitabları oxuyurlar. Bu, təməli
olmayan evin damına bənzəyir. Mən istərdim ki, bizim cavanlar kitabla
yaşasınlar. Gənclərə arzu edərdim ki, hərə öz sahəsində savadlı mütəxəssis
olsun. Məsələn, deyirlər ki, insan vətənpərvər olmalıdır. Mən sabah bir həkimə
getməli olsam, fikirləşərəm, o həkim mütəxəssisdir, yoxsa vətənpərvər? Desələr
ki, o yaxşı mütəxəssis deyil, amma çox böyük vətənpərvərdir, o həkimin yanına
getmərəm. O həkimin yanına gedərəm ki, əlbəttə, vətənpərvər olsun, amma ilk
növbədə mütəxəssis olsun. Ona görə, arzu edirəm ki, hansı ixtisası seçsəniz,
kamil mütəxəssis olun və peşənizi sevin”.
Anar vətənpərvərlik hissini aşılamaq üçün təkcə kitabların yetərli olmadığını
bildirdi: “Üzeyir Hacıbəyovun “Koroğlu” operasını, onun uvertürasını dinləyən
insanda yaranan vətənpərvərlik hissi kitablardan alınan qədərdir. Və ya
muğamlarımızı, bəstəkarlarımızın əsərlərini dinləyəndə, rəssamlarımızın
əsərləri ilə tanış olanda, sanballı məqalələri, publisistik yazıları oxuyanda
da vətənpərvərlik hissləri tərbiyə olunur”.
“Böyük əsərlər gələcəyin işidir”
“Böyük qələbəmizlə bağlı hansısa əsər yazmağı düşünürsünüzmü?” – deyə
auditoriyadan səslənən suala yazıçı qələbəmizlə bağlı yazılar yazdığını
bildirməklə cavab verdi: “Hadisələrə ilkin münasibət adətən ya şeir, ya da
publisistik məqalələr vasitəsilə olur. Böyük əsərlər gələcəyin işidir. Gərək
vaxt keçsin ki, biz bu qələbəni həzm edək. Bu, həqiqətən möcüzəvi qələbə idi.
Mən həmişə qəti əmin idim ki, biz Qarabağı qaytaracağıq, Şuşanı alacağıq. Amma
yaşım elə idi ki, “yəqin mən bunu görməyəcəyəm” deyirdim. Xoşbəxtəm ki, Ali Baş
Komandanİlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük müharibə ilə
Qarabağı azad etməsinin, 200 illik problemi birdəfəlik həll etməsinin şahidi
oldum”.
“İtirdiklərim illərimdir”
“Həyatda çox şey qazanmısınız. İtirdikləriniz nədir?” – deyə sual ünvanlayan
məktəbliyə yazıçı “itirdiklərim illərimdir” cavabını verdi: “Adam istəyir
həmişə müəyyən bir yaşda qalsın. Təəssüf ki, bu, mümkün deyil…”
Şagirdlərdən birinin “Təhminə və Zaur real həyatda vardımı?” sualına “yox…”
cavabı verən yazıçı gülümsədi.
“Siz dünyanın dörd yanını gəzmisiniz. Olduğunuz ölkələrdən ən çox xoşunuza
gələn hansıdır?” – deyə şagirdlərdən biri maraqlandı: “Doğrudan da dünyanın çox
ölkəsində olmuşam”, – deyə yazıçı həvəslə cavab verdi: “Makronun siyasətinə
nifrət etməyimə baxmayaraq, Fransanı çox sevirəm. Çünki makronlar gəlib
gedirlər, amma Fransa dünyanın ən gözəl ölkələrindən biridir. Paris əbədi bir
şəhərdir. Böyük ölkələrin, demək olar ki, hamısında olmuşam. Təkcə Yaponiyada
olmamışdım. Fikirləşirdim ki, 85 yaşım var, indi də getməsəm nə vaxt gedəcəyəm?
Keçən il qızımla Yaponiyaya da səfər etdik. Çox maraqlı ölkədir. Həmçinin
Hindistan maraqlıdır, İtaliya səma altında muzeydir, ABŞ-də dəfələrlə olmuşam.
Ömür vəfa etsə, “Gündoğar diyardan günbatan bulvaradək” adlı kitab yazacağam”.