524dd917-5651-4cb8-9b73-794452d9dc94..jpg

Xankəndi-Laçın yolu: Aksiya gecə saatlarında da davam edir, 118 avtomobil maneəsiz keçib -YENİLƏNİB+FOTO/VİDEO

Baxış sayı: 632 dəfə baxılıb.

Xankəndi-Laçın yolu: Aksiya gecə saatlarında da davam edir, 118 avtomobil
maneəsiz keçib -YENİLƏNİB+FOTO/VİDEO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz
istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə
saatlarında ruh yüksəkliyi ilə davam edir.

“Report” xəbər verir ki, etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən
dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Hazırda ekofəallar yüksək fəallıq nümayiş etdirir və tələblərini irəli
sürürlər.

Gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı
narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı
yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Aksiya dinc etirazçıların nümayiş etdirdiyi yüksək əhvali-ruhiyyə ilə davam
edir.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun
Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində
Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıblar və onlar
dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan
vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”,
“Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda
da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam
olaraq açıqdır.

Ötən gün yolda Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə
məxsus 118 nəqliyyat vasitəsi maneəsiz hərəkət edib.

Bu da aksiya keçirilməsinə baxmayaraq, yolun humanitar məqsədlər üçün açıq
olduğunun göstəricisidir.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək
səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb və 115 gündür
davam edir.

19:00

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 38,
Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 9 avtomobilin hərəkət etməsinə növbəti
dəfə şərait yaradılıb.

“Report” xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz
hərəkəti təmin olunub.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən
Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 113-ə çatıb.

12:42

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 57,
Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 9 avtomobilin hərəkət etməsinə növbəti
dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Bu bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən
Rusiya sülhməramlılarına və BQXK-ya məxsus avtomobillərin sayı 66-ya çatıb.

08:40

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının
qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 115
gündür davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları
ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl
olunub və heç bir insident qeydə alınmayıb.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin
səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən
üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb,
şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq
qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini
ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.


Source link