d49a28ec-96c0-4f14-94ec-134f866b8e4b..jpg

Xankəndi-Laçın yolunda ekoaksiya: Fəallar dünyanı ekologiyanı qorumağa çağırırlar

Baxış sayı: 802 dəfə baxılıb.

Xankəndi-Laçın yolunda ekoaksiya: Fəallar dünyanı ekologiyanı qorumağa
çağırırlar

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ
iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam
edir, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya
ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, ekofəallar və gənc
könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını
dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının
qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Hazırda azərbaycanlı fəalların əhval-ruhiyyəsi yüksəkdir.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun
Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində
Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb
vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyurlar, dəyişməz olaraq “Azərbaycan
oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”,
“Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет!
Мониторингу да!” şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda
da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam
olaraq açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək
səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Source link