dca01c20-4626-42f3-ab08-694793773dfb..jpg

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 83 gündür davam edir

Baxış sayı: 2. 588 dəfə baxılıb.

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 83 gündür davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz
istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 83 gündür
davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın qarlı və
şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək
fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə
boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin
səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən
üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb,
şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq
qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini
ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Source link