Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin maneəsiz hərəkəti
təmin olunub – YENİLƏNİB
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, 2 yük və 2 minik maşını Xankəndidən Laçın istiqamətində hərəkət edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı
əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 126 gündür
davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir
hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət
təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji
terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.
09:19
Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının
qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 126
gündür davam edir.
“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları
ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.
Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl
olunub və heç bir insident qeydə alınmayıb.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin
səsləndirilməsi ilə açıblar.
Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən
üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb,
şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq
qalır.
Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini
ekologiyanı qorumağa çağırırlar.
Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər. Qeyd edək ki, Şuşa ərazisində Rusiya
sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası
azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT)
üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması
tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.
2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.