3dbabb2b-ecfc-4f8b-a425-703f87e45d27..jpg

Xankəndi-Laçın yolundakı aksiyada 28-cü gün: Qar yağmasına baxmayaraq, etirazlar davam edir – FOTO

Baxış sayı: 926 dəfə baxılıb.

Xankəndi-Laçın yolundakı aksiyada 28-cü gün: Qar yağmasına baxmayaraq,
etirazlar davam edir – FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı
əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi səkkiz gündür
davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-də səhər
saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Şuşa şəhərinə növbəti dəfə qar yağmağına baxmayaraq, aksiya iştirakçıları gün
ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və
qidalarla təmin olunublar.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplaşınış yerində gecə
boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhər də Azərbaycan Dövlət Himninin
səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa
ediblər.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki
tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis
dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq
qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Xatırladaq ki, Şuşa şəhərinə ötən gecədən qar yağır.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya
iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı
kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

Source link