Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası nə zaman yekunlaşacaq?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası gələn il yekunlaşacaq”.
“Report”un Şuşa şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil yollarının reyestri və
layihə-smeta sənədlərinin iqtisadi analizi şöbəsinin rəisi Qəzənfər Səfərov
jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması
layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu
34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr,
hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.
Yol üzərində iki körpü, dörd tunel və suötürücü borular inşa olunacaq.
Uzunluğu 440 və 1 100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış
portallarında qazma işləri yerinə yetirilib. 540 və 300 metr uzunluğundakı
ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.
Yol geyiminin konstruksiyasına gəldikdə, əsasın alt layı 25 santimetr, əsas
lay 20 santimetr, əsasın üst layı 18 santimetr və asfalt-beton iki qatda
vurulacaq. Həmçinin, yeddi santimetr ortadənəli asfalt-beton, beş santimetr
xırdadənəli asfalt-beton olacaq. Layihənin növbəti ilin sonunadək yekunlaşması
nəzərdə tutulur.
Xatırladaq ki, bundan öncə Azərbaycan Prezidenti İlham Əliyev
Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.