Xankəndidə SOCAR brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“SOCAR PETROLEUM” QSC işğaldan azad olunmuş torpaqlarımızda bərpa və
yenidənqurma işlərinə dəstək olmaq məqsədilə növbəti SOCAR brendli modul tipli
yanacaqdoldurma stansiyasını (YDS) Xankəndidə istifadəyə verib.
Cixisyolu.com-ın məlumatına görə, iki yanacaqpaylayıcı avadanlıq quraşdırılan
stansiyada “Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının
satışı həyata keçiriləcək. Bununla da iki kiçik və iritutumlu avtonəqliyyat
vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.
Qeyd edək ki, keyfiyyətli yanacağa olan tələbat nəzərə alınaraq modul tipli
stansiya tezliklə müasir interyerə sahib stasionar yanacaqdoldurma stansiyası
ilə əvəz ediləcək. Bunun üçün QSC tərəfindən təmir-tikinti işləri sürətlə davam
etdirilir.
“Heydər Əliyev İli” çərçivəsində Xankəndidə istifadəyə verilən yeni stansiya
ilə birlikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “SOCAR PETROLEUM”a
məxsus yanacaqdoldurma stansiyalarının sayı 8-ə çatdırılıb. Hazırda Şuşa,
Ağdam, Laçın, Xankəndi şəhərləri, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut
qəsəbəsi) və Cəbrayıl (Şükürbəyli) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət
göstərir. Ümumilikdə isə ölkə ərazisində SOCAR brendli yanacaqdoldurma
stansiyalarının sayı 58-ə çatdırılıb.
“SOCAR PETROELUM” QSC-nin strateji inkişaf planına uyğun olaraq ölkə
ərazisində müasir standartlara cavab verən SOCAR brendli YDS-lərin sayının
bundan sonra da artırılması planlaşdırılır.