3e6bbb7f-b27f-403f-bb04-bd359512fdc0..jpg

Xankəndidəki Qarabağ Universiteti Bakının tələbə yükünü azaldacaq – ŞƏRH + FOTO

Baxış sayı: 564 dəfə baxılıb.

Xankəndidəki Qarabağ Universiteti Bakının tələbə yükünü azaldacaq – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xankəndidə Qarabağ Universiteti yaradılacaq. Bu barədə Prezident İlham Əliyev
müvafiq sərəncam imzalayıb. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan
Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək
müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı
dövründə isə fəaliyyətini dayandırıb.

Bəs adı ilə düşmənə göz dağı olacaq ali təhsil müəssisəsi bizə nə qazandıracaq?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Kadr hazırlığı tələbata uyğun müəyyənləşdiriləcək

Təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, Qarabağ Universiteti mövcud
baza əsasında inşa olunacaq:

“Universitetdə regionun sosial-iqtisadi ehtiyaclarına uyğun kadr hazırlığının
planlaşdırıldığı sərəncamda da qeyd edilib. Düşünürəm ki, Qarabağda kənd
təsərrüfatı, turizm, eyni, zamanda alternativ enerji, “smart city”, informasiya
texnologiyaları (İT) sektorları üzrə peşəkar kadrların yetişdirilməsinə önəm
veriləcək. Bu, həm regionun pedaqoji kadr ehtiyacının ödənməsinə, həm də kənd
təsərrüfatı, eləcə də sənayenin inkişafına töhfə verəcək kadrların
hazırlanmasına xidmət edəcək”.

Təhsil eksperti bildirib ki, işğaldan azad edilən ərazilərin inkişafı, bərpası
ilə əlaqəli müxtəlif dövlət proqramları həyata keçirilir:

“Onlar içərisində təhsil sahəsində gerçəkləşdirilən layihələr də çox
önəmlidir. Təhsilin inkişafı strategiyası çərçivəsində yaxın illərdə işğaldan
azad edilən ərazilərdə yeni üç ali təhsil müəssisəsinin inşası gözlənilir. Bu
sərəncam həmin layihənin ilk addımıdır. Böyük ehtimalla Şuşada, eləcə də
Ağdamda da ali təhsil müəssisələri açılacaq. Qarabağda inşa ediləcək ali təhsil
ocaqları da tarixi universitet ənənələri üzərindən formalaşacaq”.

Xankəndiyə qayıdış başlayır

Millət vəkili Aqil Abbas deyir ki, Qarabağ Universitetində təxminən 5-10 min
tələbə təhsil alacaq:

“Bu tələbələrə dərs demək üçün yüzlərlə müəllimə də ehtiyac olacaq. Bu
layihənin icrası Xankəndiyə yeni ruh qatacaq. Gənc nəslin oraya axını,
ailələrin Xankəndiyə köçürülməsi oradakı həyatı daha da rəngarəng edəcək.
Qarabağda universitetin fəaliyyətə başlaması Bakının tələbə yükünü də azaltmış
olacaq. Tələbələrin bu universitetə üstünlük verməsi də vacibdir. Hətta Ağdamda
da bir neçə ali təhsil müəssisəsinin açılışı gözlənilir”.

Millət vəkili bildirir ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda
hakimiyyətə gəlməsi ilə Xankəndi yenidən azərbaycanlaşmağa başlayıb. Həmin vaxt
orada Pedaqoji İnstitutun filialı yaradılıb, 100-dən çox müəllim ailəsi ilə
oraya köçürülüb. İnstitutda ermənilərin cəmi bir fakültəsi olub, texniki işçiyə
qədər qalan bütün heyət azərbaycanlılardan təşkil edilib:

“Fabrik və zavodlar inşa edildi. Ermənilərin bu zavodları işlətməyə gücü
çatmadı. Ona görə də yenə yaxın kəndlərdə yaşayan azərbaycanlılar bu fabrik və
zavodlarda işə cəlb edildilər. Onlar üçün də Heydər Əliyev böyük bir mikrorayon
tikdirdi, məktəblər açdırdı. Beləliklə, Xankəndidə təxminən 15 min azərbaycanlı
məskunlaşdı. Xankəndidə hamı Azərbaycan dilində danışırdı. Bu gün də ulu
öndərin siyasi varisi İlham Əliyev atasının yolunu davam etdirdi. Qarabağa
qayıdışımız yenə təhsil ilə başlayır. Bir xalqın gələcəyi savadlı gənclikdir.
Gənclik olan yerdə həyat var, musiqi var, mədəniyyət var, sevgi var”.

Əcnəbi tələbələr də təhsil alacaqlar

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc
bildirib ki, ölkə başçısının imzaladığı sərəncam 30 ildən artıq düşmən
işğalında qalan və nəhayət azad edilən Qarabağımızın inkişafına təkan verəcək:

“Bu sərəncamın icrası işğaldan azad edilən ərazilərin Azərbaycana
reinteqrasiyası üçün yaxşı şərait yaradacaq. Ümummilli lider Heydər Əliyevin
sovet dövründə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə Qarabağda Azərbaycan
Pedaqoji Universitetinin filialı açılmışdı. Həmin bazada artıq yeni universitet
yaradılır. Bu universitet beynəlxalq standartlara cavab verən müasir ali təhsil
müəssisəsi olacaq. Düşünürəm ki, Qarabağ Universiteti ölkə üzrə fəaliyyət
göstərən ali təhsil ocaqları içərisində pilot layihə olacaq. Digər
universitetlərdən fərqli olaraq, bu universitetin yaradılmasında kampusların,
universitet şəhərciyinin, o cümlədən tədris bazasının publik şəxs kimi
formalaşdırılması bunu deməyə əsas verir ki, layihə özlüyündə ən müasir
texnologiyaları ehtiva edəcək. Qarabağ Universiteti gələcəkdə tək yerli
tələbələrin deyil, əcnəbi tələbələrin də təhsil ala biləcəyi təhsil
müəssisəsinə çevriləcək”.

Əhali bu bölgəyə istiqamətlənəcək

Ekspert onu da qeyd edib ki, Qarabağ Universiteti həm də Xankəndidə əhalinin
sıx yaşamasına təkan verəcək:

“Təhsil müəssisələri olan ərazilərdə əhalinin sıxlığı heç kimə sirr deyil. Bu
cür infrastrukturun qurulması, təhsil müəssisələrinin, inzibati idarələrin,
qurumların yaradılması əhalinin bu bölgəyə istiqamətlənməsinə gətirib
çıxaracaq”.

V.Oruc universitetin açılmasının burada yeni iş yerlərinin formalaşmasına da
təsir edəcəyini deyib:

“Universitetin açılması bu ərazilərdə vətəndaşların həyat səviyyəsinin
yüksəldilməsinə də xidmət edəcək. Bu, yüzlərlə yeni iş yeri deməkdir”.

Möhtəşəm dönüş

Xalq artisti Mənsum İbrahimov isə düşünür ki, Azərbaycan bayrağının Xankəndidə
dalğalanması qürurvericidir:

“Qarabağda Azərbaycan ordusunun zəfər paradı keçirildi, mədəniyyətimizin
təbliğinə xidmət edən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı
gerçəkləşdirildi. Bu gün də təhsil sahəsində Qarabağ Universitetinin inşası ilə
bağlı ölkə başçısının qərarını alqışlayıram. Bütün bunlar onu deməyə əsas verir
ki, Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır. Əbədi-əzəli torpaqlarımıza təhsil
ilə qayıtmağımız çox möhtəşəmdir. Növbəti ildən gənclərimizin Qarabağımızda
təhsil almasını diləyirəm”.

Source link