Xankəndiyə ezam olunan türkiyəli müşahidəçi: “Azərbaycanın seçiciləri çox
qürurludur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xankəndiyə ezam olunan türkiyəli müşahidəçi Azərbaycan seçicilərinin çox
duyğulu və qürurlu olduğunu bildirib.
Bu barədə “Report”un Qərb bürosuna Xankəndiyə ezam olunan türkiyəli deputat
Osman Mesten deyib.
O qeyd edib ki, seçkini izləməyə TÜRKPA heyətində Türkiyədən 8 deputat,
Qazaxıstan və Qırğızıstan parlamentlərinin hər birindən 1 deputat Azərbaycana
gəlib: “Bu, bizim üçün çox həyəcanlı və tarixi missiyadır. Çünki işğaldan azad
edilmiş Qarabağ torpaqlarında ilk dəfə seçki keçirilir. Burada müşahidəçi olmaq
da bizə qismət oldu”.
Müşahidəçiliyə Şuşadan başladıqlarını deyən türkiyəli deputat vurğulayıb ki,
daha sonra Xankəndiyə gələrək buradakı seçki prosesini izləməyə başlayıblar:
“Ulu öndərHeydər Əliyevin təbirincə biz “tək millət, iki dövlət” deyirdik.
Bundan sonra türk birliyi olaraq, “tək millət, yeddi dövlət” olacağıq.
Azərbaycanın torpaqlarını işğaldan azad etməsi bütün türk dünyasının zəfəridir.
Hazırda bunu da qeyd edirik. Azərbaycan seçiciləri də çox duyğulu və
qürurludur. Bunu görmək xoşdur. Bu seçkilərin Azərbaycana və bütün türk
dünyasına uğurlu olmasını diləyirəm”.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham
Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə
Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının
prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının
prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü
tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.