Xankəndiyə xoş gəldik!
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İlham Quliyev yazır
Bizim nəslin təmsilçiləri həmişə bəxtlərindən gileyli olublar. Deyirdik
Allahın bizə biçdiyi ömür çərçivəsində elə hey neqativə köklənmiş tarixi
hadisələrin şahidi olmuşuq. Böyük bir iqtisadi sistemin çöküşünü yaşadıq, az
qala aclıqla üz-üzə qaldıq, çarəsizcəsinə torpaqlarımızın işğalına şahidlik
etdik, həyatımızdan dəhşətli pandemiya keçdi. “Taleyimizə bir xoş gün
yazılmayıbmı” deyə, deyinənlərimiz, fəğan edənlərimiz də az deyildi.
Amma son üç ildə sanki fələyin çarxı tərsinə dönüb. Bir sevinci yaşayıb
qurtarmamış, bir başqa sevincə şahidlik etmiş oluruq. 30 il həsrətində
olduğumuz torpalarımızın 44 günə düşmən tapdağından azad olunması sevinci, onun
ardınca Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması, onun ardınca cəmi 23
saata separatçı rejimin çökdürülməsi, uzun illərdir əsəblərimizlə oynayan,
qürurumuza toxunan separatçı quldurbaşıların həbs olunaraq qolu qandallı Bakıya
gətirilməsi, Xankəndi şəhərində dövlət bayrağımızın ucaldılması…
Yenə kövrəldik, yenə gözlərimiz yaşardı
Dekabrın 21-də bu siyahıya daha biri əlavə olundu. Xankəndidə “Qarabağ” və
MOİK klubları arasında Azərbaycan kubokunun 1/8 final qarşılaşmasının oyunu
keçirildi. Yenə kövrəldik, yenə gözlərimiz yaşardı, yenə qəlblərimiz qürur
hissi ilə dağa döndü.
Oyunöncəsi baş verənləri izləmək necə də həyəcanlı idi. Stadiona toplaşanların
bir ağızdan himnimizi oxuması, tamaşaçıların səsləndirdikləri şüarlar, xorla
oxuduqları vətənpərvərlik mahnıları, az qala qələbəmizin himninə çevrilmiş
“Xudayar” təsnifi…
Hər şey incəliyinə qədər düşünülmüşdü
Təşkilatçılıq da yüksək səviyyədə idi. Hər şey incəliyinə qədər düşünülmüşdü.
Meydana doğma Qarabağı təmsil edən, Azərbaycan futbolunun qüruru “Qarabağ”la
Qarabağı işğaldan azad edən ordunun təmsilçisi MOİK klubları çıxırdı. Oyunu
idarə edən hakimlər briqadası da bütünlüklə 44 günlük müharibədə iştirak
edənlərdən təşkil edilmişdi. Futbolçular meydana Qarabağı işğaldan azad edərkən
şəhid olan qəhrəmanlarımızın övladlarının əlindən tutaraq, onlarla birgə
çıxdılar. Prezident İlham Əliyev də çıxışına şəhid əmanətlərini alqışlayaraq
başladı. Oyunu da məhz onların əhatəsində izlədi. Necə gözəl mənzərə idi…
Biz Xənkəndiyə futbol bayramı ilə qayıtdıq
Bu mənzərələr, Prezidentin çıxışındakı notlar, verilən mesajlar göstərdi ki,
Azərbaycan sülh istəyir! Biz sadəcə, torpaqlarımızı işğaldan azad etmişik,
orada kök salmış başqa dövlətlərin əlində oyuncağa çevrilən separatçıların
kökünü qazımışıq. O torpaqlara qayda-qanun, nizam-intizam gətirmişik. İşğal
dövründəki 30 ildə bir daşın daş üstünə qoyulmadığı, əksinə, dağıdıldığı
yaşayış məntəqələrində böyük quruculuq işlərinə başlamışıq. Xankəndiyə futbol
bayramı ilə qayıtmaqla da bütün dünyaya mesaj veririk ki, sülh istəyirik!
Bəli, biz Xankəndiyə həyatı qaytardıq. Bəli, biz Xankəndiyə xoş niyyətlə,
futbol bayramı ilə qayıtdıq.
Xankəndiyə xoş gəldik!