“Xarıbülbül” festivalı təkcə mədəni deyil, həm də siyasi cəhətdən yaddaqalan
oldu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qarabağda daha bir möhtəşəm mədəniyyət tədbiri keçirilib. Belə ki, işğaldan
azad olunmuş torpaqlar növbəti dəfə “Xarıbülbül” VII Beynəlxalq Musiqi
Festivalına ev sahibliyi edib.
Festival həm də Prezident İlham Əliyevin mühüm mesajları ilə yadda qaldı.
Dövlət başçısı çıxışı zamanı bundan sonra Azərbaycan torpaqlarında sülh
olacağına əminliyini ifadə edib.
“Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy heç vaxt
bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy bundan sonra burada ancaq
musiqi sədaları səslənsin”, – deyə dövlət başçısı qeyd edib.
Bu, təkcə Ermənistana deyil, həm də regionda “suları bulandırmaq” istəyənlərə
verilmiş ismarış idi.
Məlum olduğu kimi, 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki
birgünlük antiterror əməliyyatından sonra Azərbaycan Qarabağda ərazi
bütövlüyünü tam təmin etdi. Beləliklə, həm də Cənubi Qafqazda sülh və
sabitliyin təmin olunması istiqamətində mühüm nəticə əldə edildi. 44 günlük
müharibəyə qədər regionda sülhə mane olan əsas məqam məhz keçmiş Qarabağ
münaqişəsi idi. İndi isə belə bir əngəl yoxdur. Hazırda rəsmi Bakının əsas
prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq
işlərinin həyata keçirilməsidir.
Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, ərazi bütövlüyünü
əbədiyyətə qədər qorumağa da qadirdir. Bunu nəinki Ermənistan, həm də ona
havadarlıq etmək niyyətində olanlar, o cümlədən Qərb dövlətləri bilməlidirlər.
Bu gün bəzi imperialist güclər regionda “daşları yerindən oynatmağa”,
Azərbaycanla Ermənistan arasında irəliləməkdə olan sülh gündəliyinə zərbə
vurmağa çalışırlar. Bunun üçün İrəvana təzyiqlər göstərilir. Lakin bunlar boş
cəhdlərdir.
Prezident, həmçinin qeyd edib ki, Şuşaya gələn hər bir insan burada Azərbaycan
ruhunu əyani şəkildə görür:
“Şuşa işğal, əsarət dövründə əyilmədi. Şəhər mədəniyyət ocağı kimi tanınsa da,
hazırda, eyni zamanda, qəhrəmanlıq, zəfər və sülhün rəmzidir”.
Prezident İlham Əliyevin nəzərə çatdırdığı kimi, bu gün Şuşanın tarixi
simasının bərpası istiqamətində fəal işlər gedir.
Şuşanın bir çox tarixi və dini abidələrinin işğal dövründə tamamilə
dağıdıldığını vurğulayan dövlət başçısı qeyd edib ki, hazırda dörd məscid
yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır. Bu, o deməkdir
ki, Azərbaycan tarixi torpaqlarında işğal elementlərini tamamilə ləğv edir,
tarixi bərpa edir. Deməli, rəsmi Bakı bundan sonra da üçüncü“oyunçuların”
regiona müdaxiləsinə imkan verməyəcək. Azərbaycanın hazırkı xarici siyasət
kursu, ritorikası da belə deməyə əsas verir.
Başqa bir məqam da ölkə liderinin Azərbaycanın islam həmrəyliyinin
gücləndirilməsi üçün atdığı addımlar haqqında idi. İlham Əliyev diqqətə
çatdırıb ki, Azərbaycan islam dünyasının birləşməsi, islam həmrəyliyinin
gücləndirilməsi üçün böyük səylər göstərir:
“Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan
verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də
dünya ictimaiyyətinə çatdıraq”.
Xatırladaq ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha
şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının
mədəniyyət paytaxtı” elan edilib. Həmin il noyabrın 21-də isə İslam dünyasının
mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan
Respublikası Prezidenti Sərəncam imzalayıb.
Əlbəttə, bu, təkcə Azərbaycan üçün yox, bütünlükdə islam aləmi üçün mühüm
hadisədir. Sözsüz ki, bu faktor rəsmi Bakının islam dünyası arasında əlaqələrin
güclənməsindən ötrü ciddi töhfədir.
Beləliklə, demək olar ki, “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı təkcə
mədəniyyət baxımından deyil, həm də siyasi cəhətdən yaddaqalan oldu.
“Report” İnformasiya Agentliyi