Xaricə suvenir göndərmək üçün muzeyə müraciət olunmalıdır?

Xaricə suvenir göndərmək üçün muzeyə müraciət olunmalıdır?

Baxış sayı: 2. 472 dəfə baxılıb.

Xaricə suvenir göndərmək üçün muzeyə müraciət olunmalıdır?

Moldovaya bağlama göndərmək istəyən vətəndaş poçtda çətinliklə üzləşib. Belə ki, poçtdan bağlamada olan bütün əşyaları qəbul etsələr də, iki ədəd kiçik tarixi suveniri göndərməyə icazə verməyiblər.

Bildirilib ki, suvenirləri ölkədən çıxarmağa görə Azərbaycan Milli İncəsənət Muzeyindən müvafiq sənəd alınmalı və hər iki suvenirə görə cəmi 30 manat dövlət rüsumu ödənilməlidir.

Eyni zamanda, muzeydən qeyd edilib ki, suvenirlərin hər biri üçün üç ədəd şəkil çəkilməlidir.

Azərbaycan Milli İncəsənət Muzeyindən ÇıxışYolu.Com-a faktı təstiqləyiblər.

Bildirilib ki, qədim və köhnə əşyaların özbaşına xaricə çıxarılmasına icazə verilmir:

“1960-cı ildən bu proses belədir. Rüsum, yəni xidmət haqqı 15 manatdır. Bu, qanunla həyata keçirilən prosesdir. Azərbaycandan xaricə aparılan bütün əşyalara nəzarət var. Məsələn, Xalca Muzeyi xalçalara, İncəsənət Muzeyi isə başqa əşyalara baxır. Hamısında da bu xidmət pulludur. Bu, bizim istəyimizdən asılı deyil. Mədəniyyət Nazirliyinin komissiyası tərəfindən qoyulan qaydaya əsasən, hər əşyaya görə 15 manat ödənilməlidir”.

Qeyd olunub ki, bütün proseslər qanunla həll olunur. Deyilənlərin hamısı nizamnaməyə uyğundur:

“Belə ki, hər həftənin üçüncü günü muzeydə ekspertlər tərəfindən komissiya təşkil edilir. Əgər əşya tarixi və bədii-elmi əhəmiyyət kəsb etmirsə, ölkədən çıxarılmasına icazə kağızı verilir. Sənədə həmin əşyanın fotosu da yapışdırılır. Gömrükdə isə həmin fotoya baxıb əşyanı ölkədən çıxartmağa icazə verirlər”.

Maraqlıdır ki, “Azərpoçt” MMC-nin poçt xidmətlərində ölkədən göndərilməsinə qadağa qoyulan malların siyahısında suvenirlərin adı qeyd olunmayıb.