Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 6 oktyabr 2024-cü il tarixində
müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil
almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib.
DİM-dən verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il
18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin
ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik,
mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin
tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin
sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət
qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanda iştirak etmək üçün
ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.
Kompüterlər vasitəsilə təşkil olunan imtahan saat 13:00-da başlanıb və 1 saat
davam edib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 305 nəfərdən 33 nəfər imtahana
gəlməyib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün
ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.
İmtahanda 149 nəfər müvəffəqiyyət əldə edib.
Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər
doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla
qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya
daha yuxarı bal toplaması tələb olunur.
İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək
istəyənlər 8 və 9 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək DİM-də (ünvan:
Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə
yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin)
surəti də əlavə edilməlidir.
11:42
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda
xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti
imtahan keçiriləcək.
Cixisyolu.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahan saat 13:00-da başlanır.
Saat 12:45-dən sonra gələn iştirakçılar imtahana buraxılmırlar. İştirakçılar
imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini
gətirməlidirlər.
Ərizəçilər ixtisasları üzrə proqramla DİM-in saytında tanış ola bilərlər.
Təqdim edilən proqram əsasında ərizəçilərin ixtisas biliklərinin yoxlanılması
ilə yanaşı, onların peşə üzrə ümumi biliklərinin müəyyən edilməsi, məntiqi
düşünmə və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış
səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir
balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir.
Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb
olunur. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt
başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr,
həmçinin növbəti gün DİM-in saytına yerləşdirilir.