ebb1e927-682b-4a03-a48b-5a4b051ac41b..jpg

Xaricdən Azərbaycana göndərilən pullar azalıb: Səbəb və perspektivlər – FOTO

Baxış sayı: 550 dəfə baxılıb.

Xaricdən Azərbaycana göndərilən pullar azalıb: Səbəb və perspektivlər – FOTO

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, ötən ilin yanvar-iyun
aylarına nisbətən Azərbaycana pul köçürmələri 2 dəfə və ya 1 milyard 327 milyon
manat azalıb. Hesabat dövründə Azərbaycanda banklara sürətli pul köçürmə
sistemləri vasitəsilə 1 milyard 299.9 milyon manat vəsait daxil olub. Bu rəqəm
2022-ci ilin eyni dövründə 2 milyard 627 milyon təşkil etmişdi. Rəqəmlərdən də
göründüyü kimi köçürmələrdə azalmalar baş verib. Bəs bunun səbəbi nədir?

Mövzu ilə bağlı “Kaspi”

qəzetinin məqaləsini təqdim edirik:

Köçürmələrin azalması gözlənilən idi

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, əslində köçürmələrin azalması
gözlənilən idi. Çünki keçən il proses düzgün getmirdi: “2022-ci ildə bu
istiqamətdə anomaliya baş verib. Yəni, birdən-birə köçürmələr 2-3 dəfə
artmışdı. Bu vəziyyət Rusiya-Ukrayna münaqişəsi fonunda həm azərbaycanlıların,
həm də qeyri-rezidentlərin hansısa formada ölkədən pul çıxarması cəhdləri
nəticəsində yaranmışdı. Azərbaycana göndərilən remitensilərin təxminən 60-70
faizi Rusiyanın payına düşür. Normalda əksinə, bu istiqamətdə azalma olmalı
idi. Çünki Rusiya iqtisadiyyatı zəifləyib və rubl dəyər itirir. Rublun dəyərdən
düşməsi fonunda orada yaşayan Azərbaycan vətəndaşlarının da imkanları
məhdudlaşır. Bununla da Azərbaycana köçürmələrdə problemlər yarandı. İkinci
məsələ rublun məzənnəsi ilə əlaqəlidir. Ötən il gözlənilmədən rublun
məzənnəsində möhkəmlənmə baş verdi. Bu da rublla gəlir əldə edən Rusiyada
yaşayan azərbaycanlıların köçürdükləri vəsaitin daha dəyərli olmasına gətirib
çıxarırdı. Bu il isə proses tərsinə gedir. Bu dəfə Azərbaycana köçürülən
vəsaitlər daha dəyərsiz şəkildə öz əksini tapır”.

Cibdə gətirilən pullar

R.Həsənov bildirdi ki, keçən il rəqəmlərin böyük olmasının səbəblərindən biri
pulların artıq daha leqal yollarla ölkəyə gətirilməsidir: “Rəsmi rəqəmlərlə
Azərbaycanda ailə təsərrüfatlarına il ərzində təxminən 1-1,5 milyard dollar
ətrafında pul köçürmələri gəlirdi. Keçən il bu köçürmələrin birdən-birə
yüksəlməsi ailə təsərrüfatlarının gəlirlərinin artmasına, alıcılıq
qabiliyyətinin yüksəlməsinə səbəb olmuşdu. Amma dəqiq bilmirik, bu gəlir
birbaşa ailə təsərrüfatlarına çatıb, yoxsa yox. Çünki artıma pulun Rusiyadan
çıxarılması cəhdləri də daxil idi. 2022-ci ilin əvvəlindən Rusiya-Ukrayna
müharibəsi fonunda hazırlanan proqnozlar əsasən remitensilərin azalması
istiqamətində idi. Quru sərhədi ilə səyahətlərin məhdudlaşması cibdə gətirilən
pulların da azalmasına səbəb olub. Pullar məcburən transfer olunur, köçürmələr
şəklində əksini tapırdı”.

Bəzi regionlar prosesdən əziyyət çəkir

İqtisadçının fikrincə, Rusiyada daha çox sakini işləyən rayonlara bu proses
mənfi təsir göstərib: “Köçürmələrin azalması regionlarda fərqli formada əks
olunur. Rayonları müqayisə edəndə görə bilərik ki, cənub bölgəsi – Lənkəran
iqtisadi rayonunda əhalinin imkanlarının məhdudlaşmasında bu, özünü daha kəskin
şəkildə göstərir. Tovuz, Qazax, Şəmkir rayonlarında yaşayan əhalinin ailə
təsərrüfatlarının gəlirlərində remitensilərin payı çoxdur deyə, orada da
vəziyyət kəskindir. Amma Şirvan bölgəsinə baxanda orada həyat tərzinə o qədər
də ciddi təsir göstərmir”.

İqtisadiyyatımıza dəyən ziyan

Ekspert dedi ki, ölkəmizə pul köçürmələrinin azalması hələ uzun müddət davam
edəcək: “Pul nə qədər az gəlirsə, bu, tədiyyə balansına mənfi təsir göstərir.
Düzdür, bizdə istənilən halda profisit olur. Amma bu proses profisitin həcminə
də mənfi təsir göstərir. Bu pullar eyni zamanda bazarda xərclənir. Sərhədlər
açılandan sonra imkanlar yenidən yaranacaq. Eyni zamanda, Rusiya
iqtisadiyyatının indiki şərtlər daxilində özünə gəlməsinin məhdudluğu da
prosesin davam etməsi ilə bağlı çağırışlar yaradır”.

İqtisadi böhranların yaratdığı problem

İqtisadçı Eldəniz Əmirov isə düşünür ki, digər ölkələrdən gələn pul
köçürmələri azalsa da, Rusiyadan olan köçürmələrdə heç bir problem yoxdur:
“Xaricdən Azərbaycana pul köçürmələrinin azalmasının əsas səbəbi dünyada baş
verən iqtisadi təlatümlərdir. Bu təlatümlər həmçinin xaricdə yaşayan
azərbaycanlıların fəaliyyətlərinə də mənfi təsir göstərib. Bu da ölkəyə pul
köçürmələrinin həcminə təsir edib. Digər ölkələrdən pul köçürmələrinin həcmində
azalma olsa da, Rusiyadan Azərbaycana köçürmələrdə artımlar olub. Ukrayna ilə
müharibədən dolayı Rusiyadan bir çox ölkələrə kapital axını, vəsaitlərin
yatırılması hesabına pul köçürmələrində artımlar baş verib”.

Mənfi təsirləri qaçılmaz olacaq

E.Əmirov qeyd etdi ki, bu proses Azərbaycandan xaricə olan pul köçürmələrinə
də mənfi təsir göstərəcək: “Rusiyadan da Azərbaycana pul köçürmələrinin həcmi
getdikcə azalacaq. Həmçinin, digər ölkələrdən də köçürmələrin həcmində azalma
baş verəcək. Bu proses hazırda dünyanı caynağına keçirmiş iqtisadi təlatümlər
sovrulana qədər davam edəcək. Nə qədər ki inflyasiya davam edəcək, iqtisadi
böhranın təsirləri real şəkildə azalmayacaq. Köçürmələr azala-azala gedərsə,
təbii ki, mənfi təsirlər də qaçılmaz olacaq. Amma xaricdən pul köçürmələri
azalırsa, eyni zamanda Azərbaycandan da xaricə pul köçürmələrində azalmalar baş
verəcək”.

Source link