c1d60df2-30dd-4164-88fd-92038406c2cb..jpg

Xarici filmlərə çəkilən azərbaycanlı aktyor yerli kinolar haqqında: “Milli ruh olmur” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 641 dəfə baxılıb.

Xarici filmlərə çəkilən azərbaycanlı aktyor yerli kinolar haqqında: “Milli ruh
olmur” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Rasim Cəfər müasir Azərbaycan kinosunun ən çox aranan
simalarındandır. 40-dan çox filmdə çəkilib. Çəkildiyi filmlərin çoxu beynəlxalq
festivallardan mükafatlarla qayıdıb. Almaniya, Türkiyə, İran, Rusiya istehsalı
olan filmlərdə baş rollarda oynayıb. Nüfuzlu Kann, Niderland festivallarında
filmləri ilə iştirak edib. Onu beynəlxalq dərəcəli aktyor adlandırmaq olar. Son
çəkildiyi “Mən burdayam, İlahi!” filmi II Qarabağ müharibəsindən sonra bir
qazinin yaşadığı mənəvi iztirabları əks etdirir. Onun ifasındakı Teymur obrazı
son illərin ən uğurlu aktyor işi hesab oluna bilər.

Lent.az-ın müsahibi Gənc Tamaşaçılar Teatrının aktyoru Rasim Cəfərdir.

– Rasim, oynadığınız filmləri izləyəndə obraz naminə hər şeyə hazır olan
aktyor olduğunuz hiss olunur. Etiraf edək, simanız ən yaraşıqlı, ən xarizmatik
kişi obrazlarını oynamağa imkan vermir. Bu mənada özünüzü baş rol oyunçusu kimi
sübut etmək üçün əziyyət çəkmisiniz?

– Çox olub. Nəinki baş rol, ümumiyyətlə, filmlərə çəkilməyim üçün üzüm mənə
mane olub. Simama görə dəfələrlə kastinqlərdən keçməmişəm. Mənim ifamda hansısa
rolun kassa gəliri gətirəcəyinə inanmayıblar. Halbuki aktyorluğa məhz kinoda
çəkilmək üçün gəlmişəm. Uzun illər çəkilmədim, çəkilə bilmədim. Hətta əlimi
üzmüşdüm ki, daha məni çəkməyəcəklər. Teatrda rollarım var idi. Amma arzum
kinoda özümü sınamaq idi. Sizə bir hadisə də danışım. 31 yaşım var idi. Teatrda
“Tıq-tıq xanım” tamaşası hazırlanırdı, mənə də Siçan bəy rolu verilmişdi. O
vaxt teatrımız təmirdə idi deyə, mədəniyyət evlərindən birinin binasında məşq
gedirdik, hava soyuq, şərait yox. Səbrim daralmışdı. Ağaxan müəllim
əsəbiləşmişdi, deyinirdi. Elə hey deyirdi ki, alındıra bilmirsən. Dedim, ay
Ağaxan müəllim, Həsənağa Turabov 31 yaşında Gəray bəyi oynayıb, mən 31 yaşında
Siçan bəyi oynayıram. O sözüm teatrda lətifəyə döndü. Bizim teatrın adından
göründüyü kimi uşaq tamaşaları da hazırlayırıq və mən indi də belə rolları
oynayıram. O ki qaldı rol üçün hər şey etmək məsələsinə. Hesab edirəm ki,
aktyor plastilin kimi yox, su kimi olmalıdır. Həm zərif, həm güclü, düşdüyü
mühitin formasını ala bilən. Çəkildiyim xarici filmlərdə də dəfələrlə
bildiriblər ki, mənimlə səhnədə uyum tapmaq asandır, çünki özüm qarşımdakı
aktyora o şəraiti yaradıram, pas ötürürəm.

– Xarici filmlərə dəvət necə gəldi?

– Festival üçün çəkilən filmlərdən. Xaricdə belə filmlər nümayiş etdiriləndə
rejissorlar özləri bəyəndikləri aktyorları axtarıb tapırlar. Bu mənada
filmlərimizin festivala getməsinin önəmi böyükdür. Bir də aktyor agentliyindən
soruşub tapa bilirlər. Təəssüf ki, Azərbaycanda bu sahə elə də inkişaf etməyib.
Aktyorlarla işləyən agentlər azdır.

– Bəs kinonun sirli “Sim-Sim” qapıları üzünüzə necə açıldı?

– Kinoda ilk işim Murad İbrahimbəyovun “Üç qız” filmi olsa da, kino
ictimaiyyətinə Almaniya istehsalı olan və Türkiyədə çəkilmiş “Ev” filmi ilə
tanındım. Öncə xaricilər gördü, sonra özümüzünkülər. Ardınca “Teatral həyat”,
“Əzizim Fellini”, “Tabutçunun yelləncəyi”, “Ayrı”, “Mövsümün sonu”, “Üçüncü
günün adamı” gəldi… “Ev” filmindən sonra kino aktyoru kimi qəbul olundum.
“Əzizim Fellini”yə çəkiləndən sonra küçədə mənə Fellini deyirdilər.

– Söhbətimizin əvvəlində uşaqkən çox utancaq olduğunuzu demişdiniz. Bununla
belə aktyorluğa qərar verdiniz…

– Hə, əvvəllər aktyor olacağam deməyə utanırdım, hətta yaşadığım məhəllədə
dost tanışa rejissor olacağam demişdim, heç kim aktyorluq üzrə təhsil aldığımı
bilmirdi. İstəmirdim mənə “mütrüb” deyib lağ eləsinlər. Amma o stereotipləri
dağıda, aktyorluq sənətini mühitimdə qəbul etdirə bildim. Elə hey evdə güzgü
qabağında özüm üçün rollar oynayırdım. Ən çox da Nəsimi rolunu. Deyəsən məndən
imtahan götürən müəllimlər də aktyor olacağıma inanmayıb üç yazmışdılar.
Demişdilər ki, onsuz da kəsiləcək. İmtahanı Bəxtiyar Xanızadə, Ağakişi Kazımov,
Ənvər Vəliyev götürmüşdü. Əlabbas Qədirovun kursunda təhsil aldım. Əlabbas
müəllim uşaqlara məni nümunə göstərirdi ki, görün Rasim necə dəyişdi,
utancaqlığın daşını atdı. Əlabbas Qədirovdan aktyorluğun əlifbasını, Bəxtiyar
Xanızadədən bədənimi, Vaqif İbrahimoğludan ruhumu tanımağı öyrəndim.

Bilmirəm aktyor olmasaydım kim olardım? Evdə anam biləndə ki, aktyor olmaq
istəyirəm, dedi necə dolanacaqsan?

– Necə dolanırsınız? Aktyorların maddi vəziyyətləri necədir?

– Şükür Allaha. Əvvəllər özümü çox oda-közə vururdum, gah teatr, gah
seriallar, gah dublyaj, gah filmlər, indi yoluna düşür. Seriallar sayəsində ilk
növbədə aktyorların maddi durumu yaxşılaşdı. Ən azı aktyor artıq teatrın cüzi
maaşından asılı vəziyyətdə qalmır.

– Əvvəllər Pantomim, Yuğ teatrında işləmisiniz. Teatr yoxsa kino? Hansında
özünüzü daha rahat ifadə edirsiniz?

– Kinoda özümü suda balıq kimi hiss edirəm. Amma teatr aktyorundur, kino
rejissorun. Teatrda nə qədər məşq etsən də, səhnəyə çıxanda aktyor öz bildiyi
kimi oynayır, kulisdə rejissor başını divara vursa belə, səhnəyə çıxa bilmir.
Görünən aktyordur. Filmdə isə rejissor bəyənməsə, dəfələrlə yeni dubllar
çəkilir, istəmədiyi kadrları kəsib atır.

– Həyat yoldaşınız Reyhan xanım ssenaristdir. Ondan özünüzə uyğun rol
yazmasını istəmisiniz?

– Bu axı ilham məsələsidir, deyə bilməzsən ki, mənə rol yaz. Söz yox sifariş
olanda yazır. Onun qəhrəmanları əsasən qadınlardır. Mənim üçün yaz desəm, gərək
pulunu verəm (gülür).

– Obrazlarınızdakı təbiiliyi xüsusi qeyd etmək istəyirəm. Öz fantaziyanızdır
yoxsa kimlərisə izləyirsiniz?

– Aktyor yaxşı müşahidəçi olmalıdır. Mən “Tabutçunun yelləncəyi” filmində əqli
məhdudiyyətli oğul rolunda oynayırdım. Bu obrazı öyrənmək üçün uzaq bir
qohumumuz var idi, oğulları xəstəydi. Onlara tez-tez getməyə başladım. Söz yox
ki, onlar niyə gəldiyimi bilmirdilər. “Əlvida Şmidt” filminə çəkilərkən iki ay
taksi ilə gedib gəlmişəm işə. Taksi sürücülərinin hər manerasını izləyə bilmək
üçün. Teymur rolumun prototipi tanıdığım bir qazi idi. Tələbə vaxtı metroda
insanlara o qədər diqqətlə baxırdım, dönüb soruşurdular ki, niyə baxırsan?

– Ən çox hansı rolu oynamaq istəyirsiniz?

– Əmir Teymur rolunu arzulayıram. Bilmirəm o obrazda tamaşaçı məni qəbul edər,
yoxsa yox?

– Xarici film setləri ilə bizim çəkiliş meydançalarını müqayisə etsək, nə
deyərdiniz?

– Aktyor oyunumuz heç də geri almır. Bizimkilərdə ruh var, can qoyurlar.
Sadəcə maliyyə azdır deyə çoxlu texniki problemlər yaranır.

“Mən buradayam, İlahi” 15 çəkiliş gününə çəkilib. Amma dörd ay sürüb. Çünki
maliyyə tapmırdıq ki, davam etdirək. Aktyorun yeməyi var, nəqliyyat xərcləri
var. Xaricdə qonorar bizimkindən bir neçə qat çoxdur. İşıqçı, qrimçi və digər
texniki işçilərin sayı çoxdur, iş saat mexanizmi kimi qurulur, axsamır. Xaricdə
çəkilən aktyorun bütün maddi problemləri ilə meneceri, agenti məşğul olur.
Məsələn, mənə verilən müqavilədə ayrıca bir səhifədə sorğu yazılmışdı. Hansı
paltarları geyinmək istəyirsən, hansı qidaya allergiyanız var, otağınızda tək
yatmaq istəyirsiniz, yoxsa cüt, bəlkə, təklik qorxunuz var, yüksəklik qorxusu
varsa, alt mərtəbələr verilsin. Hansısa xəstəlik varsa, çəkiliş meydançasında
daimi həkim briqadası olsun. Bir sözlə oxuyursan, insana verilən dəyəri
görürsən. Nə qədər qonorar alacağını, sənə hansı imkanlar yaradılacağını
agentin danışır. Mən kiminləsə pul söhbəti etməyə utanan adamam. Zəhləm gedir
pul barədə danışmaqdan. Ona görə agentim var. Söz düşəndə elə təəccüblənirlər
ki, sanki agenti olmaq böyük bir prestijdir. Bu sadəcə belə olmalıdır.

– Bəzən bizimkilər böyük pullar ayıraraq hansısa yerli filmi çəkmək üçün
xaricdən peşəkarlar dəvət edirlər. Buna münasibətiniz necədir?

– Çəkirlər, mizanlar, səhnələr hər şey yolunda olur. Operator işi yüksək
səviyyədə. Amma içində milli ruh olmur. Bizi bizim kimi yaratmaq üçün bizdən
olmalısan, bizi öyrənməlisən, anlamalısan.

– Niyə film çəkmirsiniz?

– İstəyirəm. Özümü buna yəqin tam hazır etməliyəm. Arzum var, amma konkret
fikrim və ideyam yoxdur.

Source link