03e3655a-09f5-4388-9744-06ba3e8aa67a..jpg

Xarici İşlər Nazirliyində brifinq keçirilib – YENİLƏNİB + VİDEO

Baxış sayı: 673 dəfə baxılıb.

Xarici İşlər Nazirliyində brifinq keçirilib – YENİLƏNİB + VİDEO

Sentyabrın 20-də Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev,
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və
xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər
Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus
üçün brifinq keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, brifinq zamanı aşağıdakı
əsas məqamlar diqqətə çatdırılıb:

– Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri
bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədib.

– Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların
partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı,
ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə
tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

– Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş
erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa
şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak olub.

– Erməni silahlı qüvvələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini
yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan ordusunun bölmələri
tərəfindən təsbit edilib.

– Sadalanan amillər fonunda, Qarabağ iqtisadi rayonunda yerləşdirilmiş erməni
silahlı qüvvələri təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın
müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi
infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan
bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın
təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya
quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror
tədbirlərinə başlanılıb.

– Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş
nöqtələri, eləcə də hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların
tətbiqi ilə sıradan çıxarılıb.

– Antiterror tədbirləri müstəsna olaraq qanunsuz hərbi birləşmələri və hərbi
infrastrukturu hədəf alıb. Mülki əhali və obyektlərə heç bir halda hücum
edilməyib. Bununla bağlı hər hansı iddia əsassız və qəbuledilməzdir.

– Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yaşayış yerlərinin
yaxınlığında hərbi infrastrukturun yerləşdirilməsini nəzərə alaraq Azərbaycan
ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa çağırıb. Mobil SMS
xidməti, səsgücləndirici texniki vasitələr və məlumat vərəqələri vasitəsilə
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri müvafiq olaraq
məlumatlandırılıb.

– Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq
normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial,
təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunub.

– Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində
və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

– Azərbaycan tərəfi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın
müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsinin regional sülh və
sabitlik üçün ciddi təhlükə mənbəyi olduğunu dəfələrlə bəyan edib.

– Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı
qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə
çıxarılması, qondarma rejimin buraxılmasıdır.

– Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olaraq istənilən
hərbi mövcudluq regional sülh və təhlükəsizliyə ciddi təhdiddir və Azərbaycanın
hərəkətləri müstəsna olaraq bu qanunsuz qüvvələrin sıradan çıxarılmasına və
qondarma rejimin buraxılmasına yönəlib.

– Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı
kontingenti vasitəsilə müraciətini nəzərə alaraq tam atəşkəs haqqında razılaşma
əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli
antiterror tədbirləri dayandırıldı.

– Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən
Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı
dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı
və tam şəkildə tərksilah olunmalıdır.

– Razılaşmanın icrası Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş
şəkildə həyata keçiriləcəkdir.

– 21 sentyabr 2023-cü il tarixində Azərbaycanın Yevlax şəhərində Azərbaycanın
Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları çərçivəsində reinteqrasiya
məsələlərini müzakirə etmək üçün görüş keçiriləcəkdir.

17:17

Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus
üçün brifinq keçirilib.

Cixisyolu.com-ın məlumatına görə, brifinqdə bölgədəki vəziyyət müzakirə edilib.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov iştirak
ediblər.

İlhamə Əbülfət


Source link