Oktyabrın 7-də COP29-un baş ofisində Nigeriya, Keniya və Cənubi Afrika
Respublikasından gələn xarici media nümayəndələri üçün brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində xarici jurnalistlər üçün mediatur
da təşkil olunub.
COP prosesinin təqviminə daxil edilən başlıca tədbirlər, fərqli istiqamətlərdə
aparılan intensiv hazırlıq prosesi, konfransın keçiriləcəyi Bakı Olimpiya
Stadionunda COP29-la bağlı müxtəlif məqsədlər üzrə ərazi bölgüsü və müvafiq
infrastrukturun qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat
verilib.
İştirakçılar, eyni zamanda, COP29 zamanı bütün rəsmi tədbirlərin keçiriləcəyi
məkan olan Mavi Zonanın, eləcə də müxtəlif tərəfləri innovativ iqlim
yanaşmaları üçün bir araya gətirəcək Yaşıl Zonanın qurulması üzrə görülən işlər
barədə məlumatlandırılıb, prosesin plana uyğun şəkildə davam etdiyi bildirilib.
Həmçinin qlobal əhəmiyyətli konfransda iştirak üçün Bakıya gələcək minlərlə
beynəlxalq nümayəndənin məmnunluğunun təmin olunması məqsədilə nəqliyyat,
qonaqlama və qidalanma istiqamətində görülmüş işlər, nəzərdə tutulan əlavə
tədbirlər brifinq iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd olunub ki, intensiv şəkildə davam edən əməliyyatların bütün fazalarında
COP29 Əməliyyat Şirkətinin əsas hədəflərindən biri ekoloji təsirləri və karbon
ayaq izinin yolverilən minimumda saxlanılmasıdır.
Tədbir jurnalistləri maraqlandıran məsələlər ətrafında müzakirələr və
sual-cavab sessiyası ilə davam edib.