4769b3c5-d13e-4e6a-bf1b-c6a606460477..jpg

Xarici QHT-lər: “Azərbaycan mina problemindən xeyli əziyyət çəkir” – FOTO/VİDEO

Baxış sayı: 492 dəfə baxılıb.

Xarici QHT-lər: “Azərbaycan mina problemindən xeyli əziyyət çəkir” – FOTO/VİDEO

Bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalları “Minadan azad dünya üçün
qlobal təşəbbüs” adlı petisiyaya başlayıb.

“Report” xəbər verir ki, petisiya “Jotform” beynəlxalq platformasında “Dünya
Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya
çərçivəsində elan olunub.

Petisiyada deyilir ki, minalar və partlamamış hərbi sursatlar (PHS) mülki
əhalinin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaradır,
münaqişələr bitdikdən sonra da minalar insanları öldürməyə və şikəst etməyə
davam edir. Minalar ömürlük əlilliyə səbəb olur, ailələrin faciəsinə çevrilir.

Kampaniya BMT-yə üz tutaraq, bəyan edir ki, dünyada 60 milyon insan hələ də
mina təhlükəsi altındadır. Laos Xalq Demokratik Respublikası, Anqola,
Azərbaycan, Kamboca, Konqo Demokratik Respublikası, Vyetnam dünyanın mina ilə
ən çox çirklənmiş ölkələri sırasındadır.

Müraciətdə müxtəlif ölkələrlə yanaşı, Azərbaycana da geniş yer ayrılıb.
Bildirilir ki, Azərbaycan mina problemindən xeyli əziyyət çəkir. Son 30 ildə
Azərbaycanda 3 400-dən çox insan mina qurbanı olub. Onların 90 %-i mülki
şəxslərdir.

Kampaniya müəllifləri bəyan edir ki, Ermənistan Azərbaycan ərazilərini
minalayıb, 2020-ci ildə 44 günlük müharibədən sonra da bu proses dayanmayıb.
Azərbaycan yalnız Laçın yolunda sərhəd keçid məntəqəsi qurduqdan sonra vəziyyət
nəzarətə götürülüb. Müraciət müəllifləri dəhşətə gəlib ki, 19-20 sentyabr
2023-cü il tarixlərində aparılan son antiterror tədbirləri nəticəsində
Azərbaycan 480 km-lik xətt boyunca Ermənistan silahlı qüvvələrinin qalıqları
tərəfindən azı yarım milyon əlavə minalar yerləşdirildiyini aşkarlayıb.
Müraciət müəllifləri tələb edib ki, Ermənistan yeni basdırılmış minaların da
xəritələrini dərhal Azərbaycan dövlətinə təhvil verməlidir.

Xarici QHT, vətəndaş cəmiyyəti fəalları Prezident İlham Əliyevin BMT-nin 18-ci
Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi
təşəbbüsünü alqışlayıblar. Onlar BMT-yə çağırış ediblər ki, qlobal mina
probleminə diqqətini artırsın.

Müraciət ciddi rezonans doğurub, yeni elan edilməsinə baxmayaraq, artıq 10-a
yaxın ölkədən 100-dən çox vətəndaş cəmiyyəti fəalı minalara qarşı qlobal
səfərbərlik kampaniyasına qoşulduğunu bəyan edib, bu problemin qlobal həllinə
dəstək veriblər.


Source link