Xarici şirkətlər Ermənistana qarşı – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nikol Paşinyan hökuməti iqtisadiyyat və siyasət sahəsində naşı olduğunu, illər
keçsə də heç bir təcrübə qazanmadığını atdığı hər addımı ilə sübut etməkdən
yorulmur. Ermənistanın beynəlxalq investorlar arasında reytinqi enməkdə davam
edir. Artıq bir sıra iri şirkətlər hökumətə qarşı Beynəlxalq Arbitraj
Məhkəməsində iddialar qaldırıblar. Onların sırasına “Sanitech International
Group”, “Lydian International LLC”in səhmdarlarından sayılan “Amulsar Investor
Venture”, İsveçrənin “Walnort Finance Limited” şirkətləri də daxildir.
“Kaspi”
qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
40 milyon dollarlıq iddia
“Sanitech International Group” rəsmi İrəvana qarşı investisiya iddiası
qaldırmaq niyyətini elan edən ilk şirkət olub. Şirkət iddia edir ki, mübahisə
Ermənistan Respublikası hökumətinin ayrı-seçkilik və mülkü ələ keçirmə
hərəkətlərindən qaynaqlanır. Qısacası, İrəvan Bələdiyyəsi müqavilə üzrə
öhdəliklərini yerinə yetirməyib və nəticədə şirkəti müqavilələrinin müddəti
bitmədən kənarlaşdıraraq dövlətə məxsus şirkətlə əvəz edib. “Saintech” iddia
edir ki, yanaşma siyasi motivli olub və dövlət şirkəti xarici investordan
qat-qat əlverişli şərtlərlə fəaliyyət göstərir. Bu isə erməni hökumətinin
xarici investorlara münasibətində özbaşınalığa və ayrı-seçkiliyə yol verdiyini
sübut edir. “Saintech”in tələb etdiyi kompensasiya 40 milyon dollardır.
Paşinyan hökuməti 900 min dollara vəkil tutsa da, mövqeləri zəifdir və
məhkəmədə xarici şirkətin qalib gəlmə ehtimalı yüksəkdir.
Başıbəlalı qızıl yatağı
2023-cü ilin yanvar ayının sonunda Arbitraj Məhkəməsinin Daimi Palatası (ARM)
“Amulsar Investor Venture” MMC-nin Ermənistan hökumətinə qarşı qaldırdığı iddia
ilə bağlı erməni tərəfini məlumatlandırıb. Bu şirkət erməni dövlətini öz
vəzifəsini yerinə yetirməməsi və “Lydian International LTD” şirkətinin işinə
mane olmağa yönəlmiş addımların qarşısını almaması ilə bağlı hərəkətləri, daha
doğrusu, hərəkətsizliyi ilə mübahisə edir. “Lydian International LTD” şirkəti
2020-ci ilə qədər “Lidian Armenian LTD”nin səhmlərinin 100 faizinə sahib olub.
Amma iyul ayında şirkət bütün səhmlərindən məhrum edilib. Məlum olduğu kimi,
məhz bu şirkət Vayots Dzor bölgəsinin Amulsar şəhərinin qızıl tərkibli kvarsit
mədənində faydalı qazıntıların çıxarılmasına icazəni almış və hazırda da
sahibidir. Bundan başqa, hasilatı təmin etmək üçün bir neçə yüz milyon ABŞ
dolları sərmayə qoyub, mədənin istismarı üçün bütün lazımi tədbirləri görüb.
Hökumətin gizli sövdələşməsi
Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra, 2018-ci ilin iyununda Amulsarda
qızıl tərkibli kvarsit mədəninə gedən yollar fəallar tərəfindən bağlanıb və
beləliklə də şirkət mədənin istismarı üçün bütün imkanlardan məhrum edilib.
Həmin ilin iyulunda Ekologiya Nazirliyinin məsul şəxsləri ətraf mühitin
çirklənməsi ilə bağlı məlumatların qəsdən gizlədilməsi səbəbindən şirkətə qarşı
cinayət işi başlandığını elan ediblər. Cinayət işinin istintaqı üç il davam
edib, amma polis mədənə gedən yolların bağlanmasının aradan qaldırılması
tələblərinə məhəl qoymayıb.
Amulsarda qızıl tərkibli kvarsit mədəninin istismarının mümkünsüzlüyü
nəticəsində “Lydian International LTD” şirkəti müflis olub və 2020-ci ilin
sentyabrında məhkəmə qərarı ilə ləğvetmə prosesi başlayıb. Hökumət isə şirkətin
12.5 faiz səhmlərinə sahib olub. Ermənistan hökuməti şirkətin səhmlərini
hədiyyə olaraq aldıqdan sonra hər kəsdə əsaslı şübhələr var idi ki, şirkətin
Kanada birjasından çıxarılması, ləğv edilməsi və səhmdarların əlindən
alınmasında gizli məqsədlər var. Şirkətin məruz qaldığı ziyan 150 milyon dollar
hesablanıb.
“Walnort Finance Limited MMC”
Zəngəzur mis-molibden kombinatının səhmdarlarından biri “Walnort Finance
Limited MMC” də hüquqlarının müntəzəm olaraq pozulması ilə bağlı məhkəməyə
müraciət edib. 2021-ci ilin sentyabrın 30-da məlum olub ki, kombinatın Kremlə
yaxın rusiyalı milyarder Roman Trotsenkonun simasında yeni səhmdarı var.
Romanın başqa bir şirkəti kombinatın səhmlərinin 60 faizini alıb və ümumi
kapitalın 15 faizini Ermənistan hökumətinə bağışlayıb. Bu barədə bu günə qədər
heç bir rəsmi izahat verilməyib. Səbəb və şərtlər məlum deyil. İsveçrə
şirkətindən əvvəl səhm paketi “Zəngəzur Mining” şirkətində olub və 2021-ci ilin
avqust ayında kombinatın səhmlərinin satışında ona üstünlük verilməsi ilə bağlı
məhkəmə iddiası qaldırıb. Nəzərə almaq lazımdır ki, Paşinyan 2021-ci ildə
keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasında
bir sıra bəyanatlar səsləndirib. Bu bəyanatlarda sətiraltı olaraq, hökumətin bu
işə müdaxilə edəcəyi bildirilmişdi. Məsələ burasındadır ki, “Zəngəzur Mining”
şirkətinin avqustda qaldırdığı iddia təmin edilib. Amma 30 sentyabrda yerli
məhkəmə iclas çağırıb və iclasdan sonra məlum olub ki, səhmlərin yeni sahibi
yuxarıda adı qeyd edilən Roman adlı rusiyalı iş adamıdır. Maraqlıdır ki,
sövdələşmə gecə saatlarında rəsmiləşdirilib və bu da İsveçrə şirkətinin
beynəlxalq məhkəmədə iddia qaldırmasına əsaslı səbəb olub. Ermənistan
hökumətinin məhkəmədə “Walnort Finance Limited”ə uduzma ehtimalı çox yüksəkdir.
Bu isə dövlət büdcəsindən bir neçə yüz milyon dollar təzminat ödəmə öhdəliyi
ilə nəticələnə bilər.
Hər üç şirkətin məhkəmə iddiasından məlum olur ki, Ermənistanda sahibkarların
hüquqları pozulub, qeyri-qanuni hərəkətlər nəticəsində investorlar
əmlaklarından məhrum ediliblər. Paşinyan hökuməti də bu reketçiliklə pay sahibi
olub. Əgər Ermənistan hökuməti hər üç məhkəmə prosesində uduzsa, söhbət bir
neçə yüz milyon dollar təzminatdan gedəcək.