Xarici ticarət azalır: Nə etməliyik?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Pərviz Heydərov yazır…
Xarici ticarətə dair ötən ilin yekununa aid açıqlanan statistika ixracın enişi
və idxalın isə artması fonunda dövriyyənin getdikcə azaldığını göstərir.
2023-cü ilin yekununa ölkəmizin xarici ticarət dövriyyəsi 51 milyard 183 milyon
899 min dollar təşkil edib ki, əvvəlki ildə, yəni 2022-ci ildə bu rəqəm 52
milyard 686 milyon 488 min dollara bərabər olub. Ticarət 2,86% azalıb.
2023-cü ilin ilk 10 ayının statistikasına əsasən də yazmışdım ki, bu, çox
təhlükəli tendensiyadır. İqtisadiyyatda makrosabitliyi təmin edən
göstəricilərdən biri xarici ticarət dövriyyəsi, yəni, bunun həcmi, o cümlədən
idxalın ixracdan, yoxsa ixracın idxaldan üstün olması məsələsidir ki, ölkənin
tədiyyə balansı və valyuta bazarında vəziyyəti məhz bu, müəyyən edir.
Ümumiyyətlə, xarici ticarət dövriyyəsi üzrə mənfi saldo şəraitində heç bir
makrosabitlikdən və stabil məzənnədən söhbət gedə bilməz, o səbəbdən ki, idxal
ixracdan fərqli olaraq ölkədən pul aparır və ona görə də, milli valyutanın
dəyəri mütləq dərəcədə müvafiq dəstəkdən asılı olur.
Düzdür, xarici ticarətdə dövriyyənin enməsinə baxmayaraq müsbət saldo qalır.
Lakin, ötən il ölkəmizdən ixrac 33 milyard 898 milyon 554 min dollar, ölkəmizə
idxal isə 17 milyard 285 milyon 344 min dollar təşkil edərək, 16 milyard 613
milyon 210 min dollar müsbət saldo qeydə alınıbsa, 2022-də bu rəqəmlər ixrac
üzrə 38 milyard 146 milyon 630 min dollar, idxal üzrəsə 14 milyard 539 milyon
858 min dollar təşkil etməklə, 23 milyard 606 milyon 771 min dollara bərabər
olmuşdu.
Saldo 30%-dək azalıb
Bəli, qeyd oluna bilər ki, bu, iqtisadiyyatın neft-qaz sektoruna aid
məhsulların ixracın azalması ilə əlaqədardır. 2023-cü ildə neft-qaz sektoruna
daxil mallar üzrə ixrac 2022-ci illə müqayisədə 4 milyard 548 milyon 448 min
dollar və ya 13% azalıb ki, bunda həm ölkə daxilində hasilatın enməsiylə
əlaqədar həcmin, həm də qlobal bazarlarda qiymətlərin ucuzlaşması ilə bağlı
dəyərin rolu var.
Yeri gəlmişkən, 2022-ci ildə neft-qaz sektoruna aid məhsulların ixracının
ölkədən ümumi ixracda payı və yaxud çəkisi 92,01% təşkil edirdisə, keçən il bu
rəqəm 90,12%-ə düşüb.
Ancaq, qeyri-neft-qaz sektoruna aid məhsulların ixracı isə artıb. Neft-qaz
sektoruna daxil olmayan mallar üzrə ixrac 2022-ci il ərzində statistik dəyər
baxımından 3 milyard 047 milyon 673 min 180 dollar təşkil etmişdisə, ötən ilin
sonuna 9,8% artaraq 3 milyard 348 milyon 046 min 930 dollar olub. Və sözügedən
məhsullar 2022-ci il üzrə ümumi ixracda 7,99% pay tuturdusa, 2023-də bu rəqəm
9,88%-ə qalxıb.
Əlbəttə, bu göstəricilər müsbət tendensiyadır. Ancaq nəzərə almaq vacibdir ki,
neft-qaz sektoruna aid məhsulların ixracda payı o qədər yüksək səviyyədədir ki,
onun azalması ilə neft-qaz sektoruna daxil məhsulların ixracda artması tempi
arasında gərək ciddi fərq olsun.
Belə ki, ikincinin artım tempi birincinin azalması tempindən dəfələrlə yüksək
təşkil etməlidir. Bu isə real deyil. O səbəbdən ki, iqtisadiyyatın
qeyri-neft-qaz sektorunda illik artım tempi üzrə bəlli bir sürət səviyyəsi və
imkan gücü var.
Məsələn, 2024-cü il ərzində ölkəmizin neft-qaz sektorunda 1,7% azalma,
qeyri-neft-qaz sektorunda isə 4,6% artım gözlənilir ki, bu, hökumətin rəyincə,
hədəfə uyğundur.
Lakin, xarici ticarət dövriyyəsi iqtisadiyyatda real vəziyyəti göstərdiyindən
hər bir ölkə iqtisadiyyatında hər şey həmin ölkənin məhz nəyi alıb, nələri
satması ilə və nə qədər alıb, nə qədər satması ilə ölçülür. Real iqtisadi gücü
bu, müəyyən edir.
Təkrar edirəm, xarici ticarətdə müsbət saldo iqtisadiyyatda dayanıqlıq üçün
tələb olunan əsas şərtlərdən sayılır. Hansı ki, maliyyə sabitliyi, dövlət
büdcəsi gəlirliliyi, istehsalda artım tempi və sair bunun əsasında dayanır.
Bizdə isə, neft-qaz üzrə ixrac ölkədə xam neft hasilatının enməkdə olması ilə
əlaqədar həm həcm, həm də dəyər nöqteyi-nəzərindən azaldığından, üstəlik də
idxalın artması və genişlənməsi də ardıcıl və dayanıqlı xüsusiyyət kəsb
etdiyindən xarici ticarətdə müsbət saldonun daha tez əldən getməsi təhlükəsi
getdikcə daha ciddi xarakter alır.
Bəs, nə etmək və hansı addımları atmaq tələb olunur?
Neft-qaz sektoru üzrə ixracın azalması qarşısını almaq mümkün deyil – bu,
obyektiv prosesdir və həm də dünya bazarlarında vəziyyətlə əlaqədar
tendensiyadır. Qeyri-neft-qaz sektoruna gəldikdə isə, bu sahədə inkişaf və
ixracı genişləndirmək zaman tələb edir.
Odur ki, bu il üçün də xarici ticarətimizdə əsas barometr rolunu neftin və
qazın dünya bazar qiymətləri oynayacaq. Ümid, bu sahə üzrə ixrac
qiymətlərinədir…