32f9fd91-d564-4eec-9e35-20b2b0ef948a..jpg

Xarici ticarət azalır: Səbəb və nəticə nədir?

Baxış sayı: 516 dəfə baxılıb.

Xarici ticarət azalır: Səbəb və nəticə nədir?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pərviz Heydərov yazır…

İqtisadiyyatda makrosabitliyi təmin edən göstəricilərdən biri xarici ticarət
dövriyyəsidir, yəni, bunun həcmi və idxalın ixracdan, yoxsa ixracın idxaldan
üstün olması məsələsidir. Çünki bu, ölkənin tədiyyə balansı və valyuta
bazarında vəziyyəti müəyyən edir.

Xarici ticarət dövriyyəsi üzrə mənfi saldoya sahib ölkədə heç bir makro
sabitlikdən və stabil valyuta siyasətindən söhbət gedə bilməz. Belə ki, həmin
ölkədə milli valyutanın dəyəri mütləq dərəcədə müvaviq dəstəkdən asılı olur və
olmalıdır da…

Məlumdur ki, Azərbaycanın ixracının əsasını neft və neft məhsulları təşkil
edir. 2023-cü ilin ilk 10 ayı ərzində ölkəmizin 29 milyard 345 milyon 994 min
dollarlıq cəmi ixracının 26 milyard 633 milyon 463 min dollarını və ya
90,76%-ini neft-qaz sektoruna aid mallar təşkil edib.

2 milyard 712 milyon 531 min 270 dollarını, başqa sözlə desəm, cəmi 9,24%-ini
isə qeyri neft-qaz sektoruna aid məhsullar təşkil edir. Sözüm bunda deyil.

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi
43 520,18 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən ilin eyni dövrünə
nisbətən 6% azdır.

Diqqəti cəlb edən əsas faktor ondan ibarətdir ki, son bir ildə ölkə üzrə ixrac
15,5% azalaraq 29 345 milyon ABŞ dolları təşkil edib, idxal isə 22,3% artaraq
14 174 milyon dollara bərabər olub.

Nəticədə, xarici ticarət dövriyyəsində 15 171 milyon dollarlıq müsbət saldo
yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 34,3% az təşkil edib.

Başqa sözlə desəm, xarici ticarətdə idxal ilə ixrac arasında fərq birincinin
xeyrinə həm özünün artması, həm də ikincinin azalması hesabına xeyli dərəcədə
mənfi istiqamətdə dəyişib.

Sual yaranır ki, niyə, – bu nəylə əlaqədardı?!

Xariclə ticarət nəyə görə azalıb ?! Və bu, davamlı xarakter daşıya bilərmi ?

Məsələ bundadır, əvvəlki şərhlərimdə də yazmışdım ki, ümumiyyətlə xarici
ticarət dövriyyəmizdə idxal ixracdan daha üstün, möhkəm özülə və struktura
sahibdir. Bu isə heç də qənaətbəxş vəziyyət sayılmadığından qeyri neft-qaz
sektorunun inkişafı hesabına aradan qaldırılmalıdır.

Qeyd etmişdim ki, ərzaq və yeyinti məhsulları üzrə idxal getdikcə
məhdudlaşdırılmalı, buna stimulverici təsir yaradan amillər müəyyən edilərək
ləğv olunmalıdır. Paralel olaraqsa, ixracda qeyri neft-qaz sektoruna aid
məhsullar sürətlə artırılaraq dominant rol təşkil etməlidir.

Xarici ticarət əməliyyatlarında buna nail olsaq müsbət saldo da möhkəm və
dayanıqlı əhəmiyyət kəsb edəcək. Ümumiyyətlə, ixrac sırf ekstensiv şərait, yəni
xarici konyunktur amillər hesabına yox, intensiv şərait sayəsində stimullaşaraq
genişlənməlidir.

Dünya bazarlarında yaranan müvafiq konyunktur şərait hesabına yaranan üstünlük
nisbi xarakter daşıyır və buna bel bağlana olmaz. Bizdə əfsus olsun ki, real
olaraq xarici ticarətimizdə idxal bayaq da qeyd etdiyim kimi ixracdan daha
üstün, möhkəm özülə və struktura sahibdir.

Bunu bayaq qeyd etdiyim rəqəmlər də sübut edir. Nəzərə çatdırdım ki, ölkəmizin
cəmi ixracının 90,76%-ini neft-qaz sektoruna aid mallar təşkil edir. Söhbət,
cari ilin yanvar-oktyabr ayları ərzindən gedir.

Ötən ilin eyni dövründə isə bu rəqəm 93,13% təşkil edirdi.

Hələ bu bir yana qalsın. Müvafiq ixrac dəyəri də aşağı düşüb. Belə ki, 2022-ci
ilin 10 ayında ölkədən ixrac edilən xam neftin dəyəri 17 milyard 179 milyon 696
min dollar ikən, bu ilin ilk 10 ayında 3 milyard 394 milyon 60 min və ya 19,7%
azalaraq 13 milyard 785 milyon 636 min dollar təşkil edib.

Təbii qaz ixracının dəyərisə 14 milyard 653 milyon 418 min dollardan 2 milyard
381 milyon 446 min və ya 16,3% azalaraq 12 milyard 271 milyon 972 min dollara
düşüb.

Ümumiyyətlə, bu il neft-qaz sektoruna aid mallar üzrə gəlir 5 milyard 692
milyon dollar az təşkil edib. Bu da onunla əlaqədar baş verib ki, neft ilə
qazın qiymətləri aşağı düşüb. Belə ki, keçən il Ukrayna-Rusiya müharibəsi
başladıqdan sonra enerjidaşıyıcılarının qiymətləri qalxmışdı. Keçən ilin axırı
və buil vəziyyət stabilləşdi.

Göründüyü kimi, birincisi, neft-qaz üzrə ixrac həm həcm, həm də dəyər
nöqteyi-nəzərindən azalıb və azalır. Ölkədə xam neft hasilatının enməkdə
olduğunu nəzərə alsaq demək bu, davamlı xarakter daşıyacaq.

Digər tərəfdən isə, idxalda artımın və genişlənmənin ardıcıl və dayanıqlı
xüsusiyyət kəsb etməsi xarici ticarətdə müsbət dinamikanın daha tez əldən
getməsi təhlükəsi yaradır.

Odur ki, qarşımızda iki yol var: ya neft-qaz sektorunda azalmanın qarşısını
almalı, ya da qeyri neft-qaz sektoru üzrə məhsul ixracının ümumi ixracda payını
50 %-dən yuxarı həddə çatdırmalıyıq. Hazırda bu rəqəm, yuxarıda qeyd etdiyim
kimi 9,24%-dir.

Bunu 50%-dən yuxarıya çatdırmaq isə böyük səy və vaxt tələb edir.

2024-cü ildə Azərbaycanın neft-qaz sektorunda 1,7% azalma, qeyri-neft-qaz
sektorunda isə 4,6% artım gözlənilir. Hökumətin rəyincə, bu, qeyri neft-qaz
sektorunun inkişafı hesabına dayanıqlılığın təmin olunması hədəfinə uyğundur.

Lakin, təkrar edirəm, xarici ticarət dövriyyəsi iqtisadiyyatda real vəziyyəti
göstərir və hər bir ölkə iqtisadiyyatında hər şey həmin ölkənin məhz nəyi alıb,
nələri satması ilə və nə qədər alıb, nə qədər satması ilə ölçülür. Real
iqtisadi gücü bu amil müəyyən edir.

Xarici ticarətdə müsbət saldo iqtisadiyyatda dayanıqlıq üçün tələb olunan əsas
şərtlərdəndir. Hansı ki, maliyyə sabitliyi, dövlət büdcəsi gəlirliliyi,
istehsalda artım tempi və sair bunun əsasında dayanır.

Sözün qısası, qazandığından nə qədər az xərcləsən bir o qədər çox iqtisadi güc
və maliyyə dayanıqlığı əldə edə bilirsən.

Yetər ki, buna şərait olsun.

Source link