“Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilib.
ÇıxışYolu.Com xəbər verir ki, dəyişikliyə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir.
Bu zaman ödənişin aparıldığı gün 180 gün deyil, artıq 270 gündür. Belə ki, həmin müddətdə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.
Malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü ölkəyə göndərilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalıdır. Vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir.
Turizm fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən turistlərin səyahət xərclərinin ödənilməsi, fiziki şəxslər tərəfindən xaricə səfərlə bağlı özlərinin nəqliyyat və hotel (gecələmə) xərclərinin ödənilməsi də bank hesabları üzrə aparılan valyuta əməliyyatları siyahısına daxil edilib.
Eləcə də, idman yarışlarının nəticələrinə görə qeyri-rezidentlərə ödənilən mükafat və digər haqlarla bağlı köçürmələr müvafiq məbləğlərin ödənilməsini təsdiq edən sənəd banka təqdim edilməklə aparılmalıdır.