Xarkova raket hücumlarının nəticələri açıqlanıb
Son iki gündə Ukraynanın Xarkov vilayətinə endirilən ballistik raket
zərbələrindən kütləvi ölən və yaralananların son statistikası açıqlanıb.
Xarkov vilayəti hərbi administrasiyanın rəhbəri Oleq Sinequbov “Report”un
Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, Rusiyanın İskəndər tipli raket
ilə oktyabrın 5-də vilayətin Kupyansk rayonu Hroza kəndində endirdiyi zərbə
nəticəsində mülki insanlar arasında ölənlərin sayı hazırda 52-ə çatıb:
“50 nəfər zərbə zamanı həlak olmuşdu, yaralılardan iki nəfər isə sonradan
dünyasını dəyişdi. Hazırda raketin düşdüyü kənddən altı nəfər yaralı var”.
Onun sözlərinə görə, ötən gün Rusiya tərəfindən Xarkov şəhərinin mərkəzinə
endirilən raket zərbəsi nəticəsində isə iki nəfər ölüb, 30 nəfər yaralanıb.
“Ölənlərdən biri 10 yaşlı oğlan uşağı, yaralananlardan biri isə 11 aylıq
körpədir. Ümumilikdə 88 yaşayış binası, 61 mülki avtomobil raket zərbələrindən
zərər görüb”, – deyə O.Sinequbov əlavə edib.