“Dövlət proqramına əsasən, yaşıl enerji istehsalı üçün 7 992 hektar ərazi
ayrılıb. Artıq investisiya prosesi başlayıb. Yerli və xarici şirkətlərlə
memorandum imzalanıb. İndi biz bir neçə layihə üzrə “Texniki-iqtisadi
əsaslandırma”ları təhlil edirik. Stansiyaların tikinti prosesinin başlanmasına
çox yaxınlaşmışıq”.
Bu fikirləri Cixisyolu.com-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət
Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən
Məhərrəm Abbasov deyib.
O bildirib ki, COP29 tədbirinə qədər sözügedən layihələrin təməlatma prosesi
planlaşdırılır:
“İlkin mərhələdə gücü 30 meqavat olan yeni Günəş Elektrik Stansiyası yaxın
zamanda tikiləcək. Artıq bu stansiyasının tikilməsi üçün 688 hektar ərazi
ayrılıb. Görülən bu işlərin nəticəsində Naxçıvanda ümumi elektrik enerjisinin
istehsalında yaşıl enerjinin payı illər üzrə davamlı olaraq artır. Belə ki,
2023-cü ilin doqquz ayında yaşıl enerjinin istehsal payı 35.1 faiz olduğu halda
2024-cü ilin müvafiq dövründə bu rəqəm 53.0 faizə yüksəlib. Hazırda ümumi
elektrik enerjisinin 55.0 faizi yaşıl enerjinin hesabına təmin olunur. Çaylarda
suyun səviyyəsinin yüksək olması ilə əlaqədar elə ay olub ki, bir ay ərzində
ümumi elektrik enerjisinin 100.0 faizi yaşıl enerjinin payına düşüb”.
Məhərrəm Əliyev