“Naxçıvanda dünyanın aparıcı enerji şirkətlərindən “Total Energies”, “Czech
Engineering”, “Nobel Energy”, “Masdar, ACWA Power”, “China Energy” və “Notus”
ilə “Yaşıl enerji” layihələrinin reallaşdırılması üçün görüşlər keçirilir”.
Bu fikirləri Cixisyolu.com-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət
Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən
Məhərrəm Abbasov deyib.
O bildirib ki, bu istiqamət üzrə yol xəritəsi hazırlanır:
“Sözügedən enerji investisiyalarının hamısı bərpaolunan və alternativ enerji
sektoruna yönəldilib. Əslində, enerji nəhənglərinin Naxçıvana can atmasında bir
sirr də vardır ki, burada günəşli günlərin sayı çoxdur.
Bu gün Naxçıvandakı stansiyaların generasiya gücü 244.8 MVt-dır. Amma yaxın
illərdə 1500 MVt güc əlavə olunacaq. Bu o deməkdir ki, Naxçıvanda enerji
istehsalı 5 dəfə artacaq”.
“Mövcud günəş elektrik stansiyalarının sahəsi üzərində günəş enerjisi
potensialının qiymətləndirmə nəticələrinə görə bir hektar ərazidə təqribən 0.6
meqavat gücündə stansiya qurulduğu və il ərzində 900 min kilovatdan artıq
elektrik enerjisi istehsal edildiyi müəyyən olunub. Yəni bu onu deməyə əsas
verir ki, Naxçıvanda yaşıl enerji potensialı nəzərdə tutulan 1500 meqavatdan da
çoxdur”, – deyə M.Abbasov vurğulayıb.
Məhərrəm Əliyev