ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə
köməkçisi Dafna Randın Varşava İnsan Ölçüsü Konfransında ABŞ tərəfinin “Dağlıq
Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən
pozuntularını nəzərdən keçirməkdə davam etdiyi” barədə fikirlərinin əks
olunduğu 1 oktyabr tarixli bəyanatı təəccüb doğurur.
Cixisyolu.com xəbər verir ki, bu fikir Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan
Hacızadənin ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri
üzrə köməkçisinin 1 oktyabr tarixində Varşava İnsan Ölçüsü Konfransındakı
bəyanatına dair şərhində yer alıb.
“Maraqlıdır ki, Azərbaycan ərazilərinin hərbi işğalı zamanı Ermənistan
tərəfindən törədilmiş bəşəriyyətə qarşı irimiqyaslı cinayətlər və
azərbaycanlılara qarşı qırğınlara baxmayaraq, ABŞ tərəfi beynəlxalq humanitar
hüququn pozulması hallarının aradan qaldırılmasının vacibliyinə yalnız indi
istinad edir. 30 ilə yaxın müddətdə Ermənistanın bu cinayətləri ABŞ tərəfindən
tam sükutla qarşılanıb.
Əgər ABŞ tərəfi qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirsə, ilk
növbədə Ermənistanın indiyədək törətdiyi çoxsaylı cinayətlərin araşdırılmasını,
günahkarların qanun qarşısında cavab verməsini tələb etməlidir.
Əks halda, bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Ermənistanın təcüvüzü zamanı
yüz minlərlə azərbaycanlının əsas insan hüquq və azadlıqlarının kobud şəkildə
pozulmasından diqqət yayındırmaq məqsədi güdən erməni təbliğatı nəticəsində
verilən birtərəfli bəyanatdan başqa bir şey deyil”, – A.Hacızadə qeyd edib.