XİN: Azərbaycan ordusunun təlimi ATƏT sənədinə uyğundur

XİN: Azərbaycan ordusunun təlimi ATƏT sənədinə uyğundur

Baxış sayı: 2. 430 dəfə baxılıb.

Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistanın Helsinki Yekun Sənədi və Etimad quruculuğu tədbirlərinə dair Vyana sənədi əsasında öhdəliklər daşıması, deyəsən, indi yadına düşüb.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O xatırladıb ki, BMT Nizamnaməsi, Helsinki Yekun aktı və digər ATƏT sənədləri çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq Ermənistan Azərbaycana qarşı gücdən istifadə edərək ərazilərimizi işğal edib: 

“Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu davam etdirməsi regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edir.

Vyana sənədi çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi canlı qüvvə, hərbi texnikanın sayı və dislokasiya yerləri, həmçinin Ermənistan prezidentinin iştirakı ilə işğal olunmuş ərazilərdə keçirdiyi hərbi təlimlər barədə heç bir məlumat vermir. Bu qüvvələr Vyana sənədi üzrə müvafiq inspeksiyalardan gizlədilir.

2014-cü ilin noyabrında dövlət başçılarının Paris görüşündən sonra Ermənistanın 40.000-dən artıq şəxsi heyətin, minlərlə hərbi texnikanın iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçirməsi, Ermənistan silahlı qüvvələrinə məxsus döyüş helikopterlərinin Azərbaycan silahlı qüvvələrinin mövqeləri üzərində hücum manevrləri etməsi Ermənistanın riyakarlığının və öz öhdəliklərini kobud şəkildə pozmasının növbəti açıq nümunəsidir.

Hazırda Azərbaycan silahlı qüvvələri tərəfindən Azərbaycanın suveren ərazilərində həyata keçirilən təlim ATƏT-in Vyana 2011 sənədinin V fəslinin müddəalarına uyğundur”.

www.ÇıxışYolu.Com