Azərbaycan Xarici İşlər Nazirliyi31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat yayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bəyanatda deyilir:
“31 mart Azərbaycan Respublikasında Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunaraq, 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsi anılır.
1917-ci ilin oktyabr inqilabından sonra bolşeviklər Bakıda hakimiyyəti ələ keçirdilər və Daşnaksutyun partiyası ilə müttəfiqlik şəraitində yerli vəziyyətə nəzarəti gücləndirməyə çalışdılar.
Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin etnik erməni olan Stepan Şaumyanı Qafqazın Fövqəladə Komissarı təyin etdi. Mart qırğınları ərəfəsində Bakı soveti və Daşnaksutyun partiyası əks-inqilabçı elementlərə qarşı mübarizə bəhanəsi altında Bakı və ətraf ərazilər boyunca Azərbaycanlıları məhv etmək planını hazırladı.
Stepan Şaumyanın etirafına görə azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib. Martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən atəşə tutdular.
Sonra silahlı erməni daşnaklar yalnız etnik mənsubiyyətlərinə görə azərbaycanlıların evlərinə basqın edərək onlara qarşı amansız qətliam həyata keçirdilər. Bu dövr ərzində erməni-daşnak birləşmələri Bakı şəhərində və ətrafında 20.000-dən artıq günahsız insanı qətlə yetirdilər.
Azərbaycanlılara qarşı törədilən soyqırımı Bakı ilə məhdudlaşmadı. Qısa zaman ərzində ermənilər Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da qırğınlar törətdilər. 1918-ci ilin ilk beş ayı ərzində Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Bu kəndlərdən 35-i yer üzündən silinib.
Ermənilər həmçinin, Qubada yerli yəhudilərə qarşı qətliam törətdilər. 1918-ci il mart qırğınları Azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi.
1918-ci ilin mart hadisələri Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra diqqət mərkəzində oldu. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycanlılara qarşı törədilmiş zorakılığın araşdırılması məqsədilə 15 iyul 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaradıldı.
Bu komissiyada ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla müxtəlif millətlər və həmin dövrün ən yaxşı hüquqşünasları təmsil olunurdu. Sübutlar əsasında Fövqəladə İstintaq Komissiyası 128 hesabat və layihə hazırlayaraq, dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi qaldırmışdır.
Beləliklə, avqustun ortalarına qədər törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu. Bu, azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan ilk addım idi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi tamamlamağa imkan vermədi.
Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra 1918-ci ilin mart soyqırımının siyasi qiymətləndirilməsinə davam etdi və ADR-in ədalətin bərpası üçün göstərdiyi səylərini başa çatdırmağı qərara aldı.
Faciənin 80-ci ildönümü ərəfəsində Ümummilli lider Heydər Əliyev 31 mart tarixinin matəm günü elan edilməsi barədə fərman imzaladı. Fərman XX əsrin əvvəllərində Azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarının siyasi və hüquqi qiymətləndirməsinin aparılması üçün əsas sənəd oldu. Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq, Ermənistan Azərbaycana qarşı müharibəyə başlayaraq və ölkəmizin ərazilərini işğal edərək, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində milyonlarla azərbaycanlının etnik təmizləməsini həyata keçirərək, çoxsaylı hərbi cinayətlər, insanlığa qarşı cinayət, eləcə də 1992-ci ilin fevralında Xocalı Soyqırımı da daxil olmaqla, soyqırımı aktları törədərək mart qırğınını xatırladan siyasəti davam etdirir.
Mart qırğınının 100 illiyini yad edərək və günahsız qurbanlarının xatirəsini anaraq, Ermənistanın Azərbaycan xalqına qarşı soyqırımı, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayırıq”.