XİN: Bəzi internet resursları saxta xəbərlər yayır

XİN: Bəzi internet resursları saxta xəbərlər yayır

Baxış sayı: 2. 445 dəfə baxılıb.

Azərbaycan xaricində yerləşən, saxta xəbərlər, şər və böhtan yaymaq üzrə ixtisaslaşan bəzi internet resursları və sosial şəbəkə profilləri tərəfindən ölkəmizdə azad, demokratik və ədalətli şəkildə keçirilən prezident seçkilərinin gedişinə xələl gətirmək üçün qərəzli və məqsədyönlü şəkildə saxta xəbərlər yayılır.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

O qeyd edib ki, bu kimi internet resursları tərəfindən təqdim olunan şəkillərdə və video görüntülərdə iddia olunan seçki məntəqəsi ilə real seçki məntəqəsinin nömrəsi arasında uyğunsuzluq, şəkillərə “Photoshop” elementlərinin daxil edilməsi və yaxud da kimliyi bilinməyən şəxslər adından danışılması, vətəndaşların seçki fəallığına və seçici növbələrinə başqa don geyindirilməsi cəhdləri bu cür məlumatların saxta olduğunu açıq şəkildə sübut edir. 

“Saxta məlumatlar vasitəsilə onlar seçkiləri azad, demokratik və şəffaf şəkildə izləyən beynəlxalq və yerli müşahidəçiləri yanlış istiqamətə yönləndirmək, aldatmaq və nəticə etibarilə, onlar tərəfindən hazırlanacaq yekun hesabatlara təsir etmək kimi çirkin məqsədlər güdürlər.

Beynəlxalq və yerli müşahidəçilərin seçkiləri azad, demokratik və şəffaf şəkildə izləmələri üçün bütün şərait yaradılıb və onlar yerlərdə vəziyyətlə tanış olmaq üçün zəruri imkanlara malikdirlər”, – deyə H. Hacıyev vurğulayıb.

www.ÇıxışYolu.Com