be57397d-d6d9-412e-a152-4325d9049dfa..jpg

XİN başçısı ATƏT-in sədrinə bölgədəki son vəziyyət barədə məlumat verib – FOTO

Baxış sayı: 568 dəfə baxılıb.

XİN başçısı ATƏT-in sədrinə bölgədəki son vəziyyət barədə məlumat verib – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci
sessiyasında iştirakı çərçivəsində Şimali Makedoniya Respublikasının xarici
işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT)
fəaliyyətdə olan sədri Buyar Osmani ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüşdə tərəflər Azərbaycan-Şimali Makedoniya arasında əlaqələr, Şimali
Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində təşkilatın gündəliyi,
habelə bölgədəki son vəziyyət müzakirə olunub.

Görüşdə nazir Ceyhun Bayramov ölkəmizin keçmiş münaqişənin nəticələrinin
aradan qaldırılması, habelə münaqişədən sonra bərpa, yenidənqurma və
reinteqrasiya məsələləri, mühüm prioritet olan sülh müqaviləsinin imzalanması,
bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbaycan cəmiyyətinə
reinteqrasiyası istiqamətində ardıcıl səylərini xatırladıb.

Ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi
bütün səylərinə baxmayaraq, Ermənistan tərəfinin və qondarma rejimin son
təxribatlarının normallaşma prosesinə xələl gətirdiyi, gərginliyin
azaldılmasına yönəlmiş bütün təkliflərin rədd edildiyi, bu ölkənin sülh
prosesində maraqlı olmadığı diqqətə çatdırılıb.

Azərbaycan hərbiçilərinin və mülki şəxslərinin həlak olması ilə nəticələnən
terror aktına və hərbi təxribatlara cavab olaraq qanunsuz Erməni silahlı
qüvvələrinə qarşı həyata keçirilən anti-terror əməliyyatının əsas məqsədinin
bölgədə sülh və sabitliyin bərqərar olması, qanunsuz qüvvələrin tərksilah
edilməsi və qondarma rejimin buraxılması olduğu diqqətə çatdırılıb.
Azərbaycanın yalnız hərbi hədəfləri məhv etdiyi, mülki şəxsləri hədəf almadığı
bildirilib.

Bölgədə guya “blokada” və “bölgədə gərgin humanitar böhran” kimi iddialara
gəldikdə isə, nazir Ceyhun Bayramov bu iddiaların heç bir əsasının olmadığını,
Ermənistanın qəsdən vəziyyəti “humanitar” xarakterli məsələ kimi təqdim
etdiyini, qondarma humanitar böhran yaratmaq məqsədi daşıyan bu addımın əslində
ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bir siyasi
manipulyasiya olduğunu, sıravi sakinlərin isə bu siyasi avantüranın girovu kimi
saxlanıldığını vurğulayıb.

Bu xüsusda, 18 sentyabr tarixində BQXK-nın iki avtomobilinin biri
Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda keçidinin
təşkilinin ölkəmizə qarşı “blokada” ittihamlarının heç bir əsasının olmadığını
nümayiş etdirdiyini qeyd edib.

Nazir Ceyhun Bayramov Ermənistan Baş nazirinin 2 sentyabr tarixində qondarma
rejimi təbrik etməsi daxil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı
iddiaların sülh prosesinə xələl gətirdiyini vurğulayıb.

Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlik üzrə
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Source link