f85f6288-401a-40b6-893e-8f48ce57f21e.jpg

XİN: “BFT-nin Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur”

Baxış sayı: 234 dəfə baxılıb.

“Üzv dövlətlər arasında mədəni-humanitar əməkdaşlıq sahəsində mandata malik
olan Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) Fransanın açıq dəstəyi və
himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur”.

Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN)
yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Fransa Azərbaycanın üzv olmadığı bu təşkilatda onun suverenliyi
və ərazi bütövlüyünü hədəf alan müddəaları təşkilatın sammitinin qətnaməsinə
daxil etmək üçün sədrlik statusunu kobud şəkildə istismar etmiş, çoxtərəfli
diplomatik formatlarda sənədlərin hazırlanması ilə bağlı ümumi qəbul edilmiş
praktikanı və elementar çoxtərəfli danışıq qaydalarını açıq şəkildə pozaraq,
bir neçə üzv dövlətin məlum müddəalarla bağlı təkliflərini müzakirə etməyə belə
imkan verməyib:

“Nəticə etibarilə, Ermənistan tərəfinin guya BFT Sammitində qəbul olunduğunu
iddia etdiyi müddəalar əslində təşkilatda konsensus qazanmayıb, bəzi müddəalara
etiraz olaraq sənədə qeyd-şərt əlavə edilib.

Beləliklə, hətta Azərbaycanın üzv olmadığı bir platformada belə Ermənistanın
özünün saxta hekayələrini beynəlxalq ictimaiyyətə qəbul etdirmək cəhdləri
Fransanın açıq dəstəyinə baxmayaraq iflasa uğrayıb.

Qərar qəbuletmə qaydalarının açıq-aşkar pozulması yolu ilə əslində
mədəni-humanitar məsələlərin müzakirəsi üçün nəzərdə tutulmuş bir təşkilatın
sənədinə konsensus əldə edilmədən salınmış, Ermənistan tərəfinin “diplomatik
qələbə” kimi təqdim etməyə çalışdığı sözügedən müddəaların heç bir siyasi və
hüquqi dəyəri yoxdur.

BFT çərçivəsində baş verənlər Ermənistanın sülh prosesində maraqlı olmadığını,
mümkün hər fürsətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək
niyyəti güddüyünü və Fransanın özünün dar maraqları naminə Ermənistandan
istifadə etməsinin təzahürü kimi dəyərləndirilməlidir.

Azərbaycan tərəfi Fransanın açıq təhdid və şantajlarına rəğmən, beynəlxalq
hüquqa və BFT-nin humanitar mandatına dönməz sadiqlik göstərərək, Azərbaycanın
suverenliyi və ərazi bütövlüyünü hədəf alan və normallaşma prosesinə xələl
gətirən pozucu fəaliyyətə qətiyyətlə qarşı çıxdıqlarına görə tərəfdaş BFT üzv
dövlətlərinə təşəkkürünü bildirir.

Azərbaycan tərəfi Ermənistanı bu kimi pozucu addımlardan əl çəkməyə,
normallaşma prosesinin məntiqi sonluğa çatdırılması yolunda qalan əngəlləri,
ilk növbədə bu ölkənin konstitusiyasında və digər qanunvericilik aktlarında
Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaları dəyişmək istiqamətində
siyasi iradə və məsuliyyət nümayiş etdirməyə çağırır.

Ermənistan tərəfi ya bu yolla normallaşma prosesini yekunlaşdırmaq ya da bütün
müstəvilərdə qarşıdurmanı davam etdirmək arasında seçim etməlidir. Azərbaycan
tərəfi özünün irəli sürdüyü və siyasi müdriklik və məsuliyyət hissi ilə ardıcıl
şəkildə irəlilətdiyi normallaşma prosesinə sadiqdir”.

Source link