XİN: Ermənistan vətəndaşı olan gənclərin Azərbaycanın ərazilərində nə iş var?

XİN: Ermənistan vətəndaşı olan gənclərin Azərbaycanın ərazilərində nə iş var?

Baxış sayı: 4. 259 dəfə baxılıb.

XİN: Ermənistan vətəndaşı olan gənclərin Azərbaycanın ərazilərində nə iş var?

“Ermənistan xarici işlər nazirinin müsahibəsində bu ölkənin siyasi rəhbərliyi tərəfindən verilən bəyanatlar təkrar olunur və Ermənistan baş nazirinin Dağlıq Qarabağdakı insanlar adından danışa bilməyəcəyi, onun “Tavuşdan Sünik ərazisinədək yaşayan Ermənistan sakinləri adından danışmaq ixtiyarının olduğu” iddia edilir. O zaman daha öncə səsləndirdiyimiz sualı bir daha qeyd etmək istərdim: belə olduğu təqdirdə seçkilər zamanı ona səs vermiş Ermənistan vətəndaşı olan gənclərin Azərbaycanın işğal olunmuş ərazilərində nə iş var?!”

Bu fikirləri XİN-in mətbuat katibi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin bu ölkənin ictimai televiziyasına verdiyi müsahibəsi ilə bağlı ona ünvanlanan sualı cavablandırarkən deyib.

“Ermənistanın naziri bu ilin 16 yanvar tarixində Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən verilmiş bəyanatı xatırlamaya bilər, lakin ötən ilin 6 dekabr tarixində Milanda şəxsən özünün də razılığı ilə qəbul edilmiş birgə bəyanatı yəqin ki, unutmayıb. Həmin bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin ədalətli və davamlı sülh yolu ilə həlli üzrə işləməyi davam etdirəcəklər”, – deyə L.Abdullayeva qeyd edib.

L.Abdullayeva bildirib ki, Azərbaycan tərəfi görüşləri sadəcə görüşlər naminə keçirmir və beynəlxalq ictimaiyyəti bu kimi görüşlərlə öz xoş niyyətinə inandırmaq kimi məqsədi də yoxdur:

 “Bizim məqsədimiz birdir, qətidir və hüquqi əsaslıdır: Biz Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozularaq işğal edilən ərazilərimizin azad edilməsi və bu ərazilərə yerli azərbaycanlıların köçürülməsini sülh yolu ilə təmin etmək məqsədilə danışıqlar aparırıq.

Ermənistan vətəndaşları adından danışmağa mandatı olduğunu bəyan edən bu ölkənin siyasi rəhbərliyinə bildirmək istərdik ki, belə olduğu təqdirdə, Tavuş, Sünik və digər ərazilərdən olan və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət göstərən Ermənistan vətəndaşları adından danışsın”.