XİN: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar tamamilə
əsassız və absurddur”
“Sentyabrın 29-da Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində İrqi
ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq
Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Ermənistan Azərbaycana qarşı)
müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə irəli sürdüyü növbəti iddialar
tamamilə əsassız və absurddur”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı
Ermənistanın iddialardan əl çəkmədiyi, Beynəlxalq Ədalət Məhkəməsinin qeyd
edilən iş üzrə əvvəlki qərarını heçə sayaraq azərbaycanlılara qarşı irqi
nifrətin qızışdırılması və təşviqinə yönələn bu yeni iddialar tamamilə
qəbuledilməzdir:
“Ermənistan BMT Təhlükəsizlik Şurasında olduğu kimi, Beynəlxalq Ədalət
Məhkəməsindən də öz məkrli siyasi gündəliyi üçün sui-istifadə edir. Təkcə bu il
ərzində Ermənistan bu məhkəməyə artıq üçüncü dəfədir, müraciət edir. Qeyd edək
ki, Ermənistanın yanvar ayında verdiyi üç vəsatətdən ikisi rədd edilib, biri
məhdud formada təmin edilib, may ayında isə verdiyi vəsatətlər hakimlər
tərəfindən iyul ayında yekdilliklə rədd edilib. Azərbaycan tərəfi Ermənistanın
bu yeni əsassız iddialarına tutarlı cavablarının əks olunduğu mövqeyini
aidiyyəti üzrə məhkəməyə təqdim edəcək”.