XİN: Karampetyan ciddi narahatlıq keçirir

XİN: Karampetyan ciddi narahatlıq keçirir

Baxış sayı: 3. 220 dəfə baxılıb.

Brüsseldə fəaliyyət göstərən “Ədalət və Demokratiya naminə Erməni-Avropa Federasiyası”nın rəhbəri Kaspar Karampetyan barəsində Baş Prokurorluq tərəfindən cinayət işinin açılmasından sonra həmin şəxs görünür ciddi narahatlıq keçirir.

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bir qrup belçikalı deputatın Azərbaycan tərəfdən Kaspar Karampetyan barəsində açılan cinayət işinə etiraz olaraq bəyanat yaymasını şərh edərkən deyib.

H. Hacıyevin sözlərinə görə, bu səbəbdən o, Belçikanın yerli orqanlarında təmsil olunan və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən bəzi deputatlar vasitəsilə özünə dəstək axtarır:

“Kaspar Karampetyan mütəşəkkil dəstə tərkibində 2014-2018-ci illərdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq təkrar keçmək, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalı və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi təbliğ və təşviq etmək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına açıq çağırışlar etmək kimi davamlı qeyri-qanuni fəaliyyət həyata keçirir.

O, bununla Azərbaycanın işğal olunmuş ərazilərindən etnik təmizləməyə məruz qalmış bir milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünün fundamental hüquq və azadlıqlarını, o cümlədən onların öz doğma torpaqlarına geri qayıtmaq və mülkiyyətlərindən istifadə etmək hüquqlarını kobud şəkildə pozur.

Kaspar Karampetyan rəhbərlik etdiyi “Ədalət və Demokratiya naminə Erməni-Avropa Federasiyası” vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərində mülki Azərbaycan əhalisinə qarşı hərbi cinayətlər, insanlıq əleyhinə cinayət, soyqırım əməlləri törətməkdə iştirak edən qondarma rejimin nümayəndələrinin Brüsselə səfərlərini təşkil edir, həmin şəxslərlə sıx əməkdaşlıq edir  və dolayısı insanlıq əleyhinə cinayət əməllərinə bəraət qazandırır”.

Hikmət Hacıyev deyib ki, sözügedən şəxs müxtəlif vasitələrlə Avropa siyasətçilərini ələ alır, onların Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşkil edir, sonradan həmin şəxsləri Azərbaycana qarşı propaqanda vasitəsinə çevirir, Azərbaycana qarşı dezinformasiya xarakteri daşıyan tədbirlər təşkil edir və onları maliyyələşdirir: “Kaspar Karampetyanın təmsil olunduğu Erməni inqilabçı federasiyası –Daşnaksütun partiyası radikal təmayüllü olaraq Azərbaycan ərazisində minlərlə günahsız insanın öldürülməsində iştirak etmiş və çoxsaylı terror əməllərini törədib. Bu kimi əməllər hər bir ölkədə olduğu kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə xüsusilə ağır cinayətlər hesab olunur və bu əsasda həmin şəxsə qarşı cinayət işi açılıb. 

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır. Beynəlxalq hüququn imperativ normalarının ciddi pozuntusu ağırlaşdırılmış məsuliyyətlə nəticələnən xüsusi halların tətbiq edilməsini nəzərdə tutur.

Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarında təsbit edib ki, Ermənistan Respublikası hərbi mövcudluğu vasitəsilə ilk günlərdən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub və qondarma rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur.

Qeyd etmək istərdik ki, Kaspar Karampetyanın vətəndaşlığını daşıdığı Yunanıstanın cinayət məcəlləsinin müvafiq olaraq, 138, 139, 144, 153 və digər maddələrinə görə Yunanıstanın ərazi bütövlüyünün pozulması, Yunanıstana dost olan ölkələrə qarşı fəaliyyətin həyata keçirilməsi, həmçinin bu kimi ölkələrin dövlət atributlarının təhqir edilməsi hallarına münasibətdə cinayət məsuliyyəti nəzərdə tutulub”.

XİN-in mətbuat xidməti rəhbərinin sözlərinə görə, Belçika hökuməti insanlıq əleyhinə cinayət əməllərinə və həmçinin beynəlxalq hüququn imperativ normalarının (jus cogens) pozulmasına münasibətdə universal yurisdiksiya tətbiq edib:

“Azərbaycan Respublikasının Cinayət məcəlləsinə, həmçinin digər ölkələrin qanunlarına və beynəlxalq yurisdiksiyaya görə məsuliyyət daşıyan Kaspar Karampetyan vəkili vasitəsilə Azərbaycanın müstəqil media nümayəndələrini və Milli Məclisin üzvünü təhdid etməsi, onların müstəqil fəaliyyətinə müdaxilə etməsi və onların Belçika məhkəməsinə verməklə hədələməsi qəbuledilməzdir.

Kaspar Karampetyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətinin qarşısını almaq və cinayət məsuliyyətinə cəlb edilməsi üçün ikitərəfli və çoxtərəfli əsasda bütün müvafiq hüquqi mexanizmlərdən istifadə olunacaqdır.    

Belçikanın yerli orqanlarında təmsil olunan bəzi deputatların bu şəxsin havadarı qismində çıxış etmələri ciddi təəssüf doğurur. Həmin deputatlara öz seçiciləri qarşısında məsuliyyət daşıdıqlarını bir daha xatırlatmaq istərdik”.

www.ÇıxışYolu.Com