“Bu, Ermənistan Xarici İşlər Nazirliyinin növbəti uydurmasıdır”.
ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, Ermənistan tərəfi qeyri-qanuni, riyakar və təxribatçı vasitəyə əl ataraq, Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən yayılan məktubun alt əlavələrindən biri kimi “qondarma rejim”in təqdim etdiyi kağız parçasını əlavə edib.
Hacıyev bildirib ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyivə Baş Prokurorluğunun Sumqayıt hadisələri ilə əlaqədar beynəlxalq ictimaiyyətə təqdim etdiyi və təkzibolunmaz faktlara əsaslanan bəyanatına cavab olaraq Ermənistan tərəfi bu qeyri-ciddi və gülünc doğuran addıma əl atıb.
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi davamlı surətdə Ermənistanın bu kimi yalanlarını ifşa edir, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasına Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını beynəlxalq hüquq baxımdan əsaslandıran tutarlı sənədlər təqdim edir.